Bakı-Azəryol İqtisadçının qisasını ala bilməyib, mübarizəni dayandırdı (YENİLƏNİB)
12 dekabr 2012 20:00

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət “Bakı-Azəryol” klubu CEV (Avropa Voleybol Konfederasiyası) kuboku yarışlarının 2012/2013-cü il mövsümündə növbəti oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız 1/4 final mərhələsi çərçivəsində evdə Rusiya klubu ilə qarşılaşıb.
Təmsilçimizin bu mərhələdəki rəqibi “Omiçka” idi. Hansı ki, heyətində Azərbaycan millisinin üzvü Natalya Məmmədova da çıxış edir. Bu, görüşə marağı daha da artırırdı. Komandamız səfərdə keçirilən görüşdə bu rəqibinə uduzmuşdu – 1:3. Bu dəfə isə mütləq qələbə qazanmaq lazım idi. Çünki mərhələ adlamaq üçün başqa çıxış yolu yox idi. Lakin təəssüf ki, komandamızın bu istəyi alınmayıb.
Xatırladaq ki, "Bakı-Azəryol" 1/16 finalda Sloveniya klubu “Nova Branik”i çətinliklə də olsa, mübarizədən kənarlaşdırmışdı. 1/8 finalda isə Almaniyanın “Rote Raben” klubu komandamızın növbəti qurbanı olmuşdu. “Omiçka” isə öncə “Jedinstvo”nu (Bosniya və Herseqovina), ardından da Azərbaycanın “İqtisadçı” klubunu mübarizədən kənarlaşdırmışdı. Məhz bu üzdən sözügedən görüş “Bakı-Azəryol” üçün həm də “iqtisadçılar”ın qisasını almaq baxımından önəmliydi.
CEV kuboku
1/4 final (cavab oyunu)
13 dekabr
BAKI-AZƏRYOL – OMİÇKA - 1:3 (20:25, 20:25, 25:23, 13:25)