Çempionlar Liqasında Bakı derbisi
13 dekabr 2012 19:15

Qadın voleybolçulardan ibarət klublar arasında keçirilən Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu turnirdə çıxış edən üç Azərbaycan klubu da rəqiblərini tanıyıb.
Qeyd edək ki, pley-off mərhələsinə Azərbaycanın ÇL-dəki hər üç təmsilçisi – “Rabitə”, “Azərreyl” və “Lokomotiv” vəsiqə qazanıb. Amma təəssüf ki, onlardan biri çıxışını elə pley-off mərhələsindəcə başa vurmalı olacaq. Çünki bu mərhələnin püşkatmasına əsasən, iki Azərbaycan təmsilçisi - “Azərreyl”lə “Lokomotiv” bir-birilə mübarizə aparmalı olacaq. Azərbaycan çempionu “Rabitə”ni isə Fransanın “Kann” klubu ilə duel gözləyir.
Kann (Fransa) – Rabitə (Azərbaycan)
Dinamo (Moskva, Rusiya) – Dinamo (Kazan, Rusiya)
Villa Cortese (İtaliya) – Eczaçıbaşı (Türkiyə)
Sopot (Polşa) – Vakıfbank (Türkiyə)
Şveriner (Almaniya) – Yamamay (İtaliya)
Lokomotiv (Azərbaycan) – Azərreyl (Azərbaycan)
Qeyd edək ki, bu mərhələnin oyunları 2013-cü ilin yanvar ayında keçiriləcək.
Bu gün həmçinin “Dördlər finalı”nın keçiriləcəyi ölkə də müəyyənləşib. “Rabitə” və “Azərreyl”in də ev sahibliyi etmək istədiyi turnir İstanbulda keçiriləcək.