Rabitənin finaldakı rəqibi bəlli oldu
9 mart 2013 23:15

Qadın voleybolçular arasında Çempionlar Liqasının finalında iştirak edəcək komandalar müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Dördlər finalı”nda iştirak edən “Rabitə”nin ardınca Türkiyənin “Vakıfbank” klubu da finala vəsiqə qazanıb.
“Vakıfbank” bu uğura Türkiyə derbisində imza atıb. Belə ki, komanda yarımfinalda ev sahibi kimi birbaşa “Dördlər finalı”na vəsiqə qazanmış “Galatasaray”la qarşılaşıb. Oyun “Vakıfbank”ın 3:0 (28:26, 25:17, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, bank klubu qızıl medallar uğrunda mübarizədə yarımfinalda İtaliya “Yamamay”ını yenən “Rabitə”yə rəqib olub.
Bu isə o deməkdi ki, Çempionlar Liqasının həlledici matçında 2 il əvvəlki final təkrarlanacaq. 2011-ci ildə də İstanbulda keçirilən finalda “Rabitə” və “Vakıfbank” qarşılaşmışdı. Həmin vaxt türklər komandamızdan üstün olmuşdu.
Üçüncü yer uğrunda oyunda isə “Galatasaray” və “Yamamay” münasibətlərinə aydınlıq gətirəcək. Bu matç Bakı vaxtı ilə saat 16.00-da, final oyunu isə 3 saat sonra start götürəcək.