Argentina yığmasının üzvü Azərbaycan klubunda
10 aprel 2013 15:36

Azərbaycan Super Liqasında mükafatçılar sırasına düşmək iddiasından əl çəkməyən Bakının qadınlardan ibarət “Lokomotiv” komandası heyətinə yeni voleybolçu cəlb edir. Azerisport.az xəbər verir ki, “Lokomotiv” son altı turda Argentina yığmasının hücumçusu Paula Yamila Nizetiçin köməyindən istifadə edəcək.
“Lokomotiv” Argentina millisinin heyətində 46 oyun keçirən voleybolçu ilə mövsümün sonunadək anlaşıb. Əgər voleybolçu özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilənin daha bir il artacağı istisna olunmur.
P.Nizetiç “Lokomotiv”ə Fransanın “Kalays” komandasından keçib. Qeyd edək ki, “Lokomotiv” 22 turdan sonra 35 xalla turnir cədvəlində 4-cü yerdə qərarlaşıb. Ötən ilin gümüş mükafatçısı üçüncü yerin sahibi “İqtisadçı”dan 4 xal geri qalır.