Azərbaycanda yeni çempionat keçiriləcək
21 may 2013 18:32

Mayın 24-26-da Xorvatiyada voleybol üzrə kişilərdən ibarət milli komandamız dünya çempionatının birinci seçmə mərhələsinin oyunlarında iştirak edəcək. Azerisport.az xəbər verir ki, mayın 21-də Azərbaycan Voleybol Federasiyasının (AVF) birinci vitse-prezidenti Faiq Qarayev və federasiyanın baş katibi Elşən İsmayılov millinin üzvləri ilə görüşüb.
F.Qarayev ölkəmizdə idmanın, o cümlədən voleybolun inkişafına göstərilən dövlət qayğısından danışıb. Ölkədə yaradılan yüksək idman infrastrukturuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq bildirən AVF-nin birinci vitse-prezidenti yeni mövsümdən kişilər arasında da ölkə çempionatının keçiriləcəyini vurğulayıb.
O, bildirib ki, bu gün AVF-nin qarşısında böyük planlar durur. Bunlar 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün çimərlik voleybolu üzrə yeni meydançaların, bazaların salınması, daha güclü qadın və kişilərdən ibarət milli komandaların formalaşdırılmasıdı.
Sonda F.Qarayev və E.İsmayılov voleybolçularımıza seçmə mərhələnin oyunlarında uğurlar arzulayıblar.