Millimizin qrupundan çıxan komanda Avropa çempionu oldu
15 sentyabr 2013 11:23
Qadın voleybolçular arasında Almaniyada keçirilən Avropa Çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, ötən gecə qitə birinciliyinin final qarşılaşması baş tutub.
Həlledici görüşdə turnirin ev sahiblərindən biri olan Almaniya ilə Rusiya qarşılaşıb. Avropanın ən güclüsü adını Rusiya millisi qazanıb. Belə ki, meydan sahiblərini 3:1 hesabıyla məğlub edən şimal qonşularımız 12 illik fasilədən sonra yenidən qızıl medala sahib çıxıblar. Almaniya yığması isə möhtəşəm azarkeş dəstəyi ilə 1 setdən artığını bacarmayıb və ardıcıl ikinci dəfə finalda məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, bu görüşdən əvvəl üçüncülük uğrunda Serbiya və Belçika mübarizə aparıb. Gözlənilməz olsa da, belçikalılar son Avropa çempionunu 5 setlik çətin keçən oyunda üstələməklə bürünc medala sahib çıxıblar.
Maraq üçün xatırladaq ki, bu qitə birinciliyində Azərbaycan yığması da yarışırdı. Rusiya da məhz Azərbaycan, Xorvatiya və Belarusun yer aldığı qrupdan maksimum nəticə ilə çıxmışdı. Millimiz isə hər üç oyununda məğlub olmaqla qitə birinciliyi ilə erkən vidalaşmışdı.
Voleybol
Avropa Çempionatı
14 sentyabr
3-cü yer
Belçika – Serbiya – 3:2 (23:25, 25:21, 28:26, 21:25, 15:11)
Final
Almaniya – Rusiya – 1:3 (23:25, 25:23, 23:25, 14:25)