Natavan Əfşar: Qalatasaraya qalib gələcəyimizə əminəm
28 oktyabr 2013 14:53
“Sabah İstanbula yola düşürük. Bir gün sonra bizi çətin səfər matçı gözləyir. Hazırda bütün məşqlərimizi “Qalatasaray”la oyuna kökləmişik. Əgər öz oyunumuzu oynasaq, qələbə qazanacağımıza əminəm”. Bunu azerisport.az saytına açıqlamasında “Azəryol”un aparıcı voleybolçusu Natavan Əfşar deyib.
Təcrübəli toppaylayıcının sözünə görə, Avropa Çempionlar Liqasının qrup mərhələsinin ilk görüşündə evdə “Yamamay” üzərində qələbə onlara əlavə güc verib:
“İtaliya klubuna qalib gəlmək çox vacib idi. Zaman-zaman yaxşı oynadığımızı söyləyə bilərəm. Düzdür, asan səhvlərə də yol verirdik. Amma sonda qalib gəldiyimizə sevinirəm. Bu, “Qalatasaray”la matç öncəsi böyük motivasiya oldu”.