FİSA`nın baş katibi Azərbaycanı təbrik etdi
25 iyul 2010 14:33
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti azerisport.az saytına bildirdi ki, Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) baş katibi Mett Smit öləkimizin avarçekmə üzrə yığmasını təbrik etdi.
"Azərbaycanın iki qayıqda çıxış edən üç avarçəkəninin dünya çempionatının finalına vəsiqə qazanması mənim üçün xoş sürpriz oldu", - FİSA-nın baş katibi deyib.
FİSA rəsmisi bu münasibətlə Azərbaycanı təbrik edib: “Çox şadam ki, finala çıxan ölkələrin sayı çoxalır. Bu da avarçəkmənin inkişafına kömək edir. Sizi təbrik edirəm”.
Mett Smit ölkəmizdə avarçəkmə növlərinin inkişaf dövrünə qədəm qoymasından xəbərdar olduğunu da bildirib. O, görülən işləri yüksək qiymətləndirib: “Eşitdiyimə görə, “Kür” Avarçəkmə Mərkəzi yenidən qurulur. Ümumilikdə isə Azərbaycanda avarçəkmə növünün inkişafı istiqamətində işlərə başlanılır. Biz də bu inkişafı görürük və çox müsbət qiymətləndiririk”.
FİSA-nın baş katibi yaxın aylarda istifadəyə veriləcək “Kür” Olimpiya Mərkəzinin açılışına qatılmasının mümkünlüyünü də dilə gətirib: ”Belə bir təklif alsaq, nəzərdən keçirəcəyik. Ya mən, ya da Azərbaycana yaxın ölkələrdən olan FİSA Şurası üzvlərindən biri tədbirə qatılacaq”.
Qeyd edək ki, Belarusun Brest şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanı təmsil edən Aleksandr Aleksandrov 1 nəfərlik, Cavid Əfəndiyev – İqor Xmara dueti isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqda finala vəsiqə qazanıb. Onlar bu gün medal uğrunda yürüşə çıxacaqlar.