Milli komandamız Almaniyada təlim-məşq toplanışında olub
24 yanvar 2011 13:48
Azərbaycan akademik avarçəkənləri Almaniyanın Drezden şəhəri yaxınlığında yerləşən Braytenburnndakı təlim-məşq toplantısını başa vurub. Azerisport.az xəbər verir ki, Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlama verən milli komandamızın baş məşqçisi Rudiger Hauffe hazırlıq prosesindən razı qaldığını bildirib.
"Təlimlər çox yaxşı keçdi. Hazırlıq baxımından müəyyən irəliləyişə nail olduq. Toplanışı yüksək əhval-ruhiyyədə başa vurduq”.
Hazırlıq prosesi 3 həftəyədək davam edib. Hauffe ilk 2 həftə ərzində qarlı havada xizək sürdüklərini, sonra isə velosiped idmanı, üzgüçülük, qaçış, aerobika, pauerliftinq, fitnes və digər idman növləri ilə məşğul olduqlarını bildirib. Məqsəd isə qarşıdakı məsul yarışlar, xüsusən, 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi fiziki hazırlığı, dözümlülüyü artırmaqdan ibarət olub.
Qeyd edək ki, təlim-məşq toplantısında iştirak etmiş 15 akademik avarçəkən arasında ilk dəfə qadınlar da yer alıb. Angelina Angeluns, Alyona Kaporeyko, Viktoriya Çepikova, Natalya Natoka, Natalya Lyalçuk, Aleksandr Aleksandrov, Aleksandr Qlotov, Cavid Əfəndiyev, İqor Xmara, Boris Yotov, Fuad Mirzəyev, Novruz Əliyev, Bayram Əliyev, Qardaşxan Hüseynli, Kamal Xanlarov Rudiger Hauffe və onun köməkçiləri Yuliana Stoyeva, Sergey Prodan və Samir Məmmədovun rəhbərliyi altında hazırlaşıblar.