Millimiz dünya çempionatında çıxış edəcək
25 aprel 2011 14:00

Kayak və kanoe üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası iyulun 29-da Almaniyanın Brandenburq şəhərində start götürəcək dünya çempionatında çıxış edəcək. Azerisport.az xəbər verir ki, yarışa hazırlıq məqsədilə yığmamız beynəlxalq turnir və təlim-məşq toplantısına qatılacaq.
Komandamızın tərkibində 4 kayakçı – Yasin Əhmədov, Amil Hüseynli, Aleksandr Piçugin, Vahid Həsənov və 3 kanoeçi Aleksey Kupin, İqor Delistianov, Aleksey Kuçer yer alacaq. Onlar əvvəlcə mayın 6-da elə Brandenburq şəhərində start götürəcək turnirdə qüvvələrini sınayacaqlar. İdmançılarımız yeniyetmələr arasında Beynəlxalq Brandenburq Kubokunda mübarizə aparacaqlar. Üç gün davam edəcək yarışda kayak və kanoeçilərimiz məşqçi İsgəndər Cəfərovun rəhbərliyi altında çıxış edəcəklər. Nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Sərdar Həsənov başçılıq edəcək.
Brandenburq Kubokunun ardından yığmamız Almaniyada qalacaq və uzunmüddətli təlim-məşq toplantısı keçəcək. Turnir və hazırlıq prosesinə əsasən, dünya çempionatında çıxış edəcək yığmamızın heyəti müəyyənləşəcək. 50-dək çox ölkənin qatılacağı çempionata iyulun 31-də yekun vurulacaq.