Brandenburqdan qazancımız 1 gümüş medal oldu
14 may 2011 00:15

Azərbaycanın yeniyetmələrdən ibarət kayak və kanoe millisi Almaniyanın Brandenburq şəhərində keçirilmiş “Juniorscup Brangenburg” turnirində çıxış ediblər. Azerisport.az xəbər verir ki, yarışda ölkəmizi 4 kayakçı – Yasin Əhmədov, Amil Hüseynli, Aleksandr Piçugin, Vahid Həsənov və 3 kanoeçi Aleksey Kupin, İqor Delistianov, Aleksey Kuçer təmsil edib.
Onlar Almaniyanın çoxsaylı klubu və Xorvatiya, Finlandiya, Polşa, Çexiyanın idmançıları ilə mübarizə aparıblar. Komandamız yarışı bir gümüş medalla başa vurub. Həmin medalı ölkəmizə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüşdə İqor Delistianov – Aleksey Kupin dueti qazandırıb. Onlar bu məsafəni 4 dəqiqə 12,270 saniyəyə qət ediblər. Amil Hüseynli – Yasin Əhmədov dueti isə 500 metr məsafəyə 2 nəfərlik kayak qayığı (K-2) ilə yürüşdə 1 dəqiqə 48,620 saniyə nəticə ilə 4-cü yeri tutub. Bu nəticələrlə ölkəmiz ümumi komanda hesabında Almaniya və Çexiyadan sonra üçüncü yeri tutub.
Qeyd edək ki, “Juniorscup Brangenburg”da kayak və kanoeçilərimiz məşqçi İsgəndər Cəfərovun rəhbərliyi altında çıxış ediblər. Nümayəndə heyətinə Azərbaycan Milli Avarçəkmə Federasiyasının baş katibi Sərdar Həsənov başçılıq edib. Brandenburq Kubokunun ardından yığmamız Almaniyada qalaraq uzunmüddətli təlim-məşq toplantısına başlayıb. Turnir və hazırlıq prosesinə əsasən, dünya çempionatında çıxış edəcək yığmamızın heyəti müəyyənləşəcək. 50-dək çox ölkənin qatılacağı çempionata iyulun 31-də yekun vurulacaq.