Azərbaycan 1/4 finala vəsiqə qazandı
28 may 2011 12:03

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası Almaniyanın Münhen şəhərində keçirilən Dünya Kubokunun birinci mərhələsində mübarizəyə başlayıb. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda ölkəmiz geniş tərkibli heyətlə təmsil olunur.
İlk dəfə yığmamızın heyətində qadın idmançı – Nataliya Mustafayeva yer alıb. Mustafayeva 1 nəfərlik yüngül çəkili qayıqla (W1X) mübarizə aparır. Kişilərin mübarizəsində isə Aleksandr Aleksandrov 1 nəfərlik (M1X), Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili (LM1X), Cavid Əfəndiyev – İqor Xmara dueti isə 2 nəfərlik yüngül çəkili (LM2X) qayıqlarla çıxış edir. Onlar 2000 metr məsafəyə yürüşdə qüvvələrini sınayırlar.
Seçmə mərhələdə Nataliya Mustafayeva bu məsafəni 7 dəqiqə 26,22 saniyəyə qət edərək, 3-cü yeri tutub. Bu nəticə ilə Mustafayeva təsəlliverici mərhələyə çıxıb.
Aleksandr Aleksandrov 6 dəqiqə 48,86 saniyə nəticə ilə 3-cü olub. Aleksandrov da təsəlliverici mərhələyə çıxıb.
Kamal Məmmədov 7 dəqiqə 21,90 saniyə nəticə ilə finişə 4-cü çatıb. Məmmədov da təsəlliverici mərhələyə çıxıb.
Nəhayət, Cavid Əfəndiyev – İqor Xmara dueti 6 dəqiqə 26,21 saniyə nəticə ilə 4-cü yeri tutub. Onlar 1/4 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsinə mayın 29-da yekun vurulacaq.