16 yaşlı azərbaycanlıdan daha bir medal
2 iyun 2011 01:34

Rusiyanın paytaxtı Moskvada akademik avarçəkmə üzrə Beynəlxalq “Dostluq” reqatası keçirilib. Azerisport.az xəbər verir ki, 9 ölkənin qatıldığı yarışda Azərbaycanı 5 kişi, 1 qadın avarçəkən təmsil edib.
Yığmamız “Krılatskoe” avarçəkmə kanalında təşkil olunmuş turniri 1 gümüş medalla başa vurub. Həmin medalı ölkəmizə 16 yaşlı Boris Yotov qazandırıb. Yotov 18 yaşadək akademik avarçəkənlərin mübarizəsində 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşə qatılıb. O, əsas finalda yalnız ukraynalı Andrey Mixaylovdan geri qalıb. Mixaylov 2000 metr məsafəni 7 dəqiqə 18,789 saniyəyə qət etdiyi halda, Yotov 7 dəqiqə 20,999 saniyə nəticə göstərib.
Digər akademik avarçəkənlərimizə gəldikdə, yeganə qız təmsilçimiz Alyona Kaporeyko 1 nəfərlik qayıqla (JW 1X), Kamal Xanlarov – Qardaşxan Hüseynli dueti 2 nəfərlik qoşa avarlı qayıqla (JM 2X), Novruz Əliyev – Bayram Əliyev dueti 2 nəfərlik sükansız qayıqla (JM 2-) çıxış edib. Onların heç biri əsas finala yüksələ bilməyiblər.
Qeyd edək ki, Beynəlxalq “Dostluq” reqatasında Azərbaycan yığmasından əlavə, Belarus, Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya və Ukrayna da mübarizə aparıb.