Avarçəkənlərimiz Boyük Moskva reqatasında uğur qazana bilmədilər
7 iyun 2011 01:57

Rusiya paytaxtında akademik avarçəkmə üzrə 50-ci Boyük Moskva reqatası keçirilib. Azerisport.az xəbər verir ki, ənənəvi yarışda Rusiyanın müxtəlif regionları, Belarus, Qazaxıstan, Ukrayna, Gürcüstan, Estoniya, Moldova ilə yanaşı, Azərbaycan da təmsil olunub.
Milli komandamızın heyətində məşqçi Samir Məmmədovun rəhbərliyi altında 4 idmançı yer alıb. Onlardan Aleksandr Qlotov – Fuad Mirzəyev dueti 2 nəfərlik sükansız (BM 2-), Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti isə 2 nəfərlik qoşa avarlı yüngül çəkili (BM 2x LW) qayıqla çıxış edib. Yarımfinal mərhələsində Qlotov – Mirzəyev dueti 7 dəqiqə 3,259 saniyə nəticə ilə 3-cü yeri tutaraq, əsas finala (Final A) vəsiqə qazanıb. Hüseynli – Xanlarov dueti isə 7 dəqiqə 1,361 saniyə nəticə ilə 4-cü yeri tutub. Bu cütlük 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxıb.
Final yürüşlərinə gəldikdə, Qlotov – Mirzəyev dueti bürünc medala yaxın olub. Lakin onlar finişə 7 dəqiqə 2,365 saniyəyə çataraq 4-cü yerlə kifayətləniblər. Rusiyanın Lipetsk, Krasnodar və Samara şəhərlərinin avarçəkənlərindən geri qalan cütlüyümüz Qazaxıstan və Gürcüstan təmsilçilərini geridə qoyub. Hüseynli – Xanlarov dueti isə B finalında 6 dəqiqə 56,684 saniyə nəticə ilə finişə 1-ci çatıb. Beləliklə, bu duet ümumi nəticədə 7-ci yeri tutub.