Yığmamızın Almaniyaya gedəcək heyəti açıqlandı
15 iyun 2011 11:51

İyunun 17-də Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun II mərhələsi start götürəcək. Azerisport.az xəbər verir ki, üç gün davam edəcək nüfuzlu yarışda Azərbaycanı bir kişi, bir qadın avarçəkən təmsil edəcək.
Onlar 27 – 29 mayda Münhen şəhərində keçirilmiş I mərhələdə komanda yoldaşlarına nəzərən daha yaxşı nəticə göstərmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır. Aleksandrov kişilər, Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (müvafiq olaraq, M1X və W1X) mübarizə aparacaq. Avarçəkənlərimiz 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar. Bir aya yaxındır ki, Almaniyada təlim-məşq toplantısında olan təmsilçilərimiz çalışmalarını get-gedə intensivləşdirirlər. Milli komandamızın baş məşqçisi Rudiger Hauffenin sözlərinə görə, qarşıdakı yarşda məqsəd daha yaxşı nəticələr göstərməkdən ibarətdir.
38 ölkənin 500-dən çox idmançısının qatılacağı Dünya Kubokunun I mərhələsində Aleksandr Aleksandrov və Nataliya Mustafayeva ciddi rəqabətlə üzləşəcəklər. 2010-cu ildə 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında gümüş medal qazanmış Aleksandrovun rəqibləri arasında kişilər arasında dünya çempionu, çexiyalı Andrey Sinek, Dünya Kubokunun I mərhələsinin qalibi, yeni zelandiyalı Mahe Drizdeyl, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi, norveçli Olaf Tufte kimi idmançılar var. Mustafayeva isə keçmiş dünya və olimpiya çempionu, belaruslu Yekaterina Karstenə rəqib olacaq.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində 5 idmançımız mübarizə aparıb. Onlardan həm Aleksandr Aleksandrov, həm də Nataliya Mustafayeva 11-ci yeri tutub. Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili qayıqla 13-cü, Cavid Əfəndiyev – İqor Xmara dueti 2 nəfərlik qoşa avarlı yüngül çəkili qayıqla yürüşdə 21-ci olub.