Yığmamızdan DÇ-də uğurlu, amma medalsız çıxış
19 iyun 2011 16:12

Almaniyanın Hamburq şəhərində təşkil olunan akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun II mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığmasının 4 üzvündən heç biri medal qazana bilməyib.
Lakin onlar 27 – 29 mayda Münhendə keçirilmiş Dünya Kubokunun I mərhələsi ilə müqayisədə kifayət qədər uğurlu çıxış ediblər.
Təmsilçilərimizdən Cavid Əfəndiyev və Natalya Mustafayeva əsas finalda mübarizə apararaq, 6-cı yeri tutublar. Halbuki onlar həlledici yürüşə heç də zəif başlamayıblar. İlk 500 metrlik məsafəni hər iki avarçəkənimiz ikinci keçib. Lakin tədricən mövqelərini əldən verən idmançılarımız finişə sonuncu çatıblar. Aleksandr Aleksandrov isə B finalını 1-ci pillədə başa vurub ki, bu da onun ümumi nəticədə 7-ci yeri tutması anlamını verir. Daha bir avarçəkənimiz İskra Angelova isə B finalında 5-ci, yəni ümumi nəticədə 11-ci olub.
Qeyd edək ki, Nataliya Mustafayeva, İskra Angelova və Aleksandr Aleksandrovun çıxış etdikləri qayıqlar olimpiya qayıqları tipinə aiddir. Reqlamentə əsasən, belə qayıq tipində daha yaxşı nəticə göstərənlər xal qazanırlar. Bu baxımdan, Mustafayeva 2 xal, Aleksandrov isə 1 xal əldə edib.
Texniki nəticələr
Məsafə: 2000 metr
Kişilər
1 nəfərlik yüngül çəkili qayıq (LM1X)
A finalı (1 – 6-cı yerlər)
1. Henrik Stefansen (Danimarka) – 6:59.63 (6 dəqiqə, 59,63 saniyə)
2. Dankan Qrant (Yeni Zelandiya) – 7:04.70
3. Conatan Kox (Almaniya) – 7:07.99
4. Sveyn Urban Rinqstad (Norveç) – 7:08.25
5. Con Qraves (ABŞ) – 7:15.12
6. Cavid Əfəndiyev (AZƏRBAYCAN) – 7:48.43
1 nəfərlik qayıq (M1X)
B finalı (7 – 12-ci yerlər)
1. Aleksandr Aleksandrov (AZƏRBAYCAN) – 6:59.13
2. Pyotr Liçnerski (Polşa) – 7:01.46
3. Patrik Loliger Salas (Meksika) – 7:04.97
4. Anderson Noçetti (Braziliya) – 7:05.06
5. Oskar Vaskes Oçoa (Çili) – 7:08.82
6. Dmitri Vaytnauer (İsveçrə) – 7:11.05
Qadınlar
1 nəfərlik qayıq (W1X)
A finalı
1. Yekaterina Karsten (Belarus) – 7:34.85
2. Emma Tviqq (Yeni Zelandiya) – 7:36.77
3. Annekatrin Tiele (Almaniya) – 7:39.44
4. Frida Svensson (İsveç) – 7:41.62
5. Siuyun Çanq (Çin) – 7:44.49
6. Nataliya Mustafayeva (AZƏRBAYCAN) – 7:48.43
B finalı
1. Donata Vistarayte (Litva) 7:34.85
2. Yulia Levina (Rusiya) – 7:41.04
3. Kaisa Payusalu (Estoniya) – 7:42.22
4. Annik De Dekker (Belçika) – 7:50.18
5. İskra Angelova (AZƏRBAYCAN) – 8:09.07
6. Heyli-Co Artur (CAR) – 8:16.81