16 yaşlı təmsilçimiz Avropa çempionatında
24 iyun 2011 00:03

İyunun 25-də Polşanın Kruşvitsa şəhərində akademik avarçəkmə üzrə yeniyetmə oğlan və qızlar arasında birinci Avropa çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək qitə birinciliyində 23 ölkədən 130 qayıq, 394 idmançı çıxış edəcək.
Oğlanlar 7, qızlar 6 qayıq tipində mübarizə aparacaqlar. 18 yaşadək avarçəkənlərin qatılacaqları yarışda Azərbaycanı Boris Yotov təmsil edəcək. Yotov 1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşdə qüvvəsini sınayacaq. Ondan əlavə, daha 11 idmançı bu qayıq tipində mükafatlara iddia edəcək.
Yarışın əsasnaməsinə görə, Avropa çempionatının ilk yarış günündə Yotov seçmə yürüşə qatılacaq. Həmin gün təsəlliverici yürüşlər də baş tutacaq. Əsas və ikinci dərəcəli final yürüşləri ertəsi gün olacaq. Açılış mərasimi isə çempionatdan bir gün öncə - iyunun 24-ə nəzərdə tutulub.
Qeyd edək ki, Boris Yotov Azərbaycanın ən istedadlı akademik avarçəkənlərindəndi. Cəmi 16 yaşının olmasına baxmayaraq, o, 18 yaşlılar arasında uğurlu nəticələri ilə diqqət çəkir. Yotov Polşaya milli komandamızın məşqçisi Yuliana Stoyevanın rəhbərliyi altında yollanıb. Avarçəkənimiz çempionat öncəsi Almaniyanın Münhen şəhərində “Internationale DRV-Junioren-Regatta” turnirində qızıl, Rusiyanın paytaxtı Moskvada isə Beynəlxalq Dostluq reqatasında gümüş medala sahib olub. O, eyni zamanda Almaniyada böyüklərdən ibarət yığmamızla birgə təlim-məşq toplantısında iştirak edib.