Azərbaycan üçün AÇ-də 1 qızıl, 1 gümüş medal!
4 iyul 2011 14:32

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı yeddi yeniyetmə, dörd 23 yaşadək idmançı təmsil edib.
Onlar çıxış etdikləri 13 qayıq tipindən 7-də əsas finala vəsiqə qazanıblar. Yekunda isə milli komandamız 1 qızıl, 1 gümüş medal əldə edib. Həmin medalları ölkəmizə 23 yaşadək kanoeçilərin mübarizəsində Andrey Kraytor qazandırıb. Cəmi 19 yaşı olan Kraytor özündən böyüklərlə mübarizədə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə Avropa çempionu olub. 500 metr məsafəyə yürüşdə isə o, gümüş medala sahib çıxıb.
Xatırladaq ki, Kraytor ötənilki Avropa birinciliyində yeniyetmələrin mübarizəsində çıxış edib və 500 metr məsafəyə yürüşdə gümüş medal qazanıb. İndi isə kanoeçimiz daha yuxarı yaş kateqoriyasında gümüşdən əlavə, qızıl medala da yiyələnib. Göründüyü kimi, ötən müddətdə Kraytor kifayət qədər yüksək səviyyəyə çatmağı bacarıb.
Qalan 5 final yürüşünə gəldikdə, yeniyetmələr arasında 2 nəfərlik kanoe qayığı ilə mübarizə aparan Aleksey Kuçer – İqor Delistianov dueti də 2 məsafədə həlledici yürüşün iştirakçısı olub. Lakin onlar həm 500 metr, həm də 1000 metr məsafəyə yürüşlərdə 5-ci yeri tutublar.
Yeniyetmələrin 2010-cu il Sinqapur Yay Olimpiya Oyunlarının iştirakçısı Radoslav Kutsev 1 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yürüşdə finala çıxıb. Lakin o, 7-ci yerlə kifayətlənib.
Millimiz daha 2 final həyəcanını kayakçıların mübarizəsində 500 metr məsafəyə yürüşdə yaşayıb. Mirnazim Cavadov 1 nəfərlik qayıqla 23 yaşadək kayakçıların yarışında 8-ci, Rüfət Vəlizadə - Tamerlan Mustafayev dueti isə yeniyetmələr arasında 9-cu olub.
Kayak və kanoeçilərimizin Avropa çempionatında çıxış etdikləri bütün yürüşlərdə nəticələri:
1000 metr məsafəyə yürüşdə yeniyetmə kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) mübarizəsində Radoslav Kutsev 4 dəqiqə 31,267 saniyə nəticə ilə öz qrupunda 6-cı yeri tutub. Yarımfinalda o, 4 dəqiqə 8,064 saniyə nəticə ilə 2-ci yeri tutaraq, əsas finala yüksəlib. Həlledici yürüşdə isə Kutsev 4 dəqiqə 22,377 saniyə nəticə ilə 7-ci olub.
Yeniyetmə kanoeçilərin 2 nəfərlik qayıqla (C-2) yürüşündə isə Aleksey Kupin – İqor Delistianov dueti 4 dəqiqə 14,650 saniyə nəticə ilə 4-cü olub. Yarımfinalda bu cütlük 3 dəqiqə 48,909 saniyə nəticə ilə 1-ci yeri tutub. Bununla da kanoeçi duetimiz əsas finala yüksəlib. Həlledici yürüşdə Kupin – Delistianov cütlüyü 4 dəqiqə 1,620 saniyə nəticə ilə 5-ci olub.
2 nəfərlik kayak qayığı (K-2) ilə çıxış edən Yasin Əhmədov – Amil Hüseynli dueti 4 dəqiqə 5,448 saniyə nəticə ilə 6-cı olub. Yarımfinalda onlar finişə 3 dəqiqə 35,893 saniyəyə 8-ci çatıblar. Bununla da Əhmədov – Hüseynli dueti 10 – 18-ci yerlər uğrunda mübarizəni nəzərdə tutan B finalına çıxıb. Bu yürüşdə isə təmsilçilərimiz 3 dəqiqə 41,727 saniyə nəticə ilə 8-ci, ümumi nəticədə 17-ci olublar.
23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) yürüşündə Boqdan Kurudz finişə 4 dəqiqə 28,074 saniyəyə çatıb. O, öz yarımqrupunda 5-ci yeri tutub. Yarımfinal yürüşündə Kurudz 4 dəqiqə 4,180 saniyə nəticə ilə 4-cü olub və ilk “3-lüy”ə düşə bilmədiyindən, əsas finaldan kənarda qalıb.
500 metr məsafəyə yürüşdə yeniyetmə kanoeçimiz Aleksey Kuçer 1 nəfərlik qayıqla (C-1) 2 dəqiqə 4,778 saniyə nəticə göstərərək, 4-cü olub. Bu nəticə ilə Kuçer növbəti mərhələyə yüksəlib. Yarımfinalda o, 1 dəqiqə 59,925 saniyə nəticə ilə 6-cı yeri tutub və əsas finala çıxa bilməyib.
2 nəfərlik kayak qayığı (K-2) ilə çıxış edən Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti isə 1 dəqiqə 36,650 saniyəyə finişə çataraq, öz yarımqrupunda 1-ci yeri tutub. Azərbaycanlı cütlük birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici mərhələ yürüşündə isə Mustafayev – Vəlizadə dueti 1 dəqiqə 38,939 saniyə nəticə ilə 9-cu olub.
Aleksey Kupin – İqor Delistianov dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə yürüşə də qatılıb. Bu cütlük finişə 1 dəqiqə 52,641 saniyəyə çataraq, öz yarımqrupunda 5-ci olub. Yarımfinalda Kupin – Delistianov dueti 1 dəqiqə 49,877 saniyə nəticə ilə 2-ci olub və əsas finala yüksəlib. Həlledici mərhələ yürüşündə isə onlar finişə 1 dəqiqə 49,907 saniyəyə 5-ci sırada çatıblar. Kanoeçi duetimizi bürünc medal qazanan ukraynalı Anatoli Melnik – Mikita Polietayev duetindən cəmi 0,3 saniyə ayırıb.
23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə finişə 1 dəqiqə 45,173 saniyəyə 3-cü sırada çatıb. Yarımfinalda o, daha yüksək – 1 dəqiqə 44,009 saniyə nəticə göstərib və öz yarımqrupunda 2-ci olub. Bununla da Cavadov əsas finala yüksəlib. Həlledici mərhələ yürüşündə o, 1 dəqiqə 44,525 saniyə nəticə göstərərək, 8-ci olub.
23 yaşadək kanoeçilərin mübarizəsində isə Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə 1 dəqiqə 56,023 saniyə nəticə ilə 1-ci yeri tutub. Bununla da Kraytor birbaşa əsas finala yüksəlib. Həlledici mərhələ yürüşündə o, finişə 1 dəqiqə 52,995 saniyəyə çataraq, gümüş medal qazanıb. 19 yaşlı kanoeçimizi birinci yeri tutan rusiyalı Vladimir Fedosenkodan cəmi 0,366 saniyə ayırıb.
200 metr məsafəyə yürüşdə yeniyetmələrin mübarizəsində Aleksey Kuçer 1 nəfərlik kanoe qayığı (C-1) ilə seçmə yürüşdə finişə 45,186 saniyəyə 5-ci çatıb. Yarımfinal yürüşündə Kuçer 43,871 saniyə nəticə ilə 4-cü yeri tutub. O, ilk “3-lüy”ə düşə bilmədiyindən, əsas finala çıxa bilməyib. B finalında çıxış edən Kuçer 44,376 saniyə nəticə ilə 2-ci yeri tutub ki, bu da onun ümumi ardıcıllıqda 11-ci olması deməkdir.
2 nəfərlik kayak qayığı (K-2) ilə seçmə yürüşdə Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti 36,200 saniyə nəticə ilə 4-cü olub. Lakin yarımfinal yürüşündə azərbaycanlı cütlük finişə 37,471 saniyəyə 8-ci çatıb. Bu isə onların finala vəsiqə qazanmasına kifayət etməyib.
23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə 38,598 saniyə nəticə ilə 4-cü olub. Cavadov yarımfinal yürüşündə 38,736 saniyə nəticə ilə 7-ci yeri tutub və finala çıxa bilməyib.
23 yaşadək kanoeçilərin yarışında isə Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə 41,957 saniyə nəticə göstərərək, 1-ci yeri tutub. Bununla da Kraytor birbaşa əsas finala yüksəlib. Həlledici mərhələ yürüşündə də o, hamını qabaqlayaraq, Avropa çempionu olub. Kraytor finişə 41,401 saniyəyə çatıb.