Azərbaycan Avropa birinciliyində 3-cü oldu
4 iyul 2011 17:21

Xorvatiyanın paytaxtı Zaqrebdə başa çatan Avropa çempionatında Azərbaycanın 23 yaşadək kanoeçi kişilərdən ibarət milli komandası ümumi hesabda 3-cü yeri tutub. Azerisport.az xəbər verir ki, yığmamız bu nailiyyəti Andrey Kraytorun möhtəşəm çıxışı sayəsində əldə edib.
19 yaşlı kanoeçimiz 200 metr məsafəyə yürüşdə qızıl, 500 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıb. Millimiz yalnız Rusiya (2 qızıl, 2 gümüş, 1 bürünc) və Almaniyadan (2 qızıl, 1 bürünc) geri qalıb.
23 yaşadək kişi kanoeçilərin mübarizəsində 6 dəst medal cəmi 8 ölkə arasında bölüşdürülüb. Azərbaycan yığması medal əyarında Polşa (1 qızıl), Belarus, Macarıstan, Çexiya (hərəyə 1 gümüş, 1 bürünc) və Ukraynanı (1 bürünc) üstələməyi bacarıb.
Qeyd edək ki, yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilmiş Avropa çempionatında 38 ölkə mübarizə aparıb. Azərbaycan 8 yeniyetmə, 3 gənc idmançı ilə təmsil olunub. Kayak və kanoeçilərimiz daha 5 yürüşdə əsas finalda çıxış etsələr də, mükafatçılar sırasına düşə bilməyiblər.