Azərbaycanlı Dünya Kubokunun yarımfinalında!
9 iyul 2011 12:48

İyulun 8-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Dünya Kubokunun III mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Nataliya Mustafayeva yarışın ilk günündə 1 nəfərlik qayıqla (W1X) seçmə və təsəlliverici yürüşlərdə uğurla çıxış edərək, yarımfinala yüksəlib.
Seçmə yürüşdə Mustafayeva Emma Tviqq (Yeni Zelandiya), Yuliya Levina (Rusiya), Cenevra Stoun (ABŞ), Fie Udbi Eriksen (Danimarka) və Annik de Dekkerlə mübarizədə ikinci yeri tutub. 2000 metr məsafəni 7 dəqiqə 41,74 saniyəyə qət edən 26 yaşlı avarçəkənimiz yalnız Tviqqdən 4,61 saniyə geri qalıb. Bu nəticə ilə Mustafayeva təsəlliverici yürüşdə iştirak hüququ qazanıb. Həmin mərhələdə isə təmsilçimizin rəqibləri Karina Baer (Almaniya), Annik de Dekker (Belçika), Madelayn Edmunds (Avstraliya) və Kamila Varqas Palomo (Salvador) olub. Bu dəfə Mustafayeva finişə 7 dəqiqə 51,20 saniyəyə və hamıdan öndə çatıb. O, ən yaxın rəqibi Karina Baeri 7,81 saniyə geridə qoyub.
Beləliklə, avarçəkənimiz 12 ən güclünün yer aldığı yarımfinala çıxıb. İyulun 9-da Bakı vaxtı ilə saat 18:42-də baş tutacaq növbəti mərhələ yürüşündə Mustafayevanın rəqibləri Fie Udbi Eriksen (Danimarka), İva Obradoviç (Serbiya), Mirka Knapkova (Çexiya), Emma Tviqq (Yeni Zelandiya) və Donata Vistartayte (Litva) olacaq. İlk 3 yeri tutanlar iyulun 10-da keçiriləcək əsas finala, sonrakı 3 pillənin sahibləri isə 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalına çıxacaqlar.