Azərbaycan DÇ-də medalsız qaldı
25 iyul 2011 02:15

Hollandiyanın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən 5 avarçəkəndən İskra Angelova əsas finalda mübarizə aparıb.
1 nəfərlik qayıqla (BW1X) çıxış edən yeganə qadın təmsilçimizin rəqibləri Donata Vistartayte (Litva), Karina Baer (Almaniya), Kaisa Pajusalu (Estoniya), İvana Filipoviç (Serbiya), Nikol Bökers (Hollandiya) olub. Angelova 2000 metr məsafəni 7 dəqiqə 52,13 saniyəyə qət edərək, 6-cı yeri tutub. Qalib adını isə ötən il olduğu kimi, yenə Vistartayte (7:28.04) qazanıb. Baer (7:33.02) gümüş, Pajusalu (7:37.03) isə bürünc medala sahib çıxıb.
Digər avarçəkənlərimizə gəldikdə, Aleksandr Aleksandrov 7 – 12-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edib. Kişilərin mübarizəsində 1 nəfərlik qayıqla (BM1X) mübarizə aparan ötənilki dünya çempionatının gümüş mükafatçısı bu dəfə 7-ci yerlə kifayətlənib. O, 2000 metr məsafəni 6 dəqiqə 54,58 saniyəyə qət edərək, böyük britaniyalı Conatan Uolton (6:59.76), italiyalı Daniele Zona (7:03.58), macarıstanlı Domonkos Sell (7:04.81), amerikalı Ben Dann (7:05.44) və sloveniyalı Yanes Zupanı (7:35.49) qabaqlayıb.
Kamal Məmmədov 1 nəfərlik yüngül çəkili (BLM1X), Aleksandr Qlotov – Fuad Mirzəyev dueti isə 2 nəfərlik sükansız (BM2-) qayıqla 13 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən C finalında çıxış edib. Məmmədov 14-cü, Qlotov – Mirzəyev dueti isə 17-ci yeri tutub.