Azərbaycanın DÇ üçün heyəti açıqlandı
29 iyul 2011 01:27

İyulun 29-da Almaniyanın Brandenburq şəhərində yeniyetmələr arasında kayak və kanoe üzrə dünya çempionatı start götürəcək. Azerisport.az xəbər verir ki, üç gün davam edəcək yarışda rekord sayda – 64 ölkədən 650-dək idmançı mübarizə aparacaq.
Dünya birinciliyində Azərbaycan milli komandası baş məşqçi Aleksandr Kolıbelnikov və məşqçi İsfəndiyar Cəfərovun rəhbərliyi altında 4 kayakçı və 4 kanoeçi ilə mübarizə aparacaq.
Kayakçıların mübarizəsində 2 nəfərlik qayıqla (K-2) çıxış edəcək Yasin Əhmədov – Amil Hüseynli dueti 1000 metr, Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti isə 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaqlar. Mustafayev 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə də qüvvəsini sınayacaq.
Kanoeçilərin yarışında 1 nəfərlik qayıqla (C-1) mübarizə aparacaq Radoslav Kutsev 1000 metr, 2 nəfərlik (C-2) qayıqla çıxış edəcək Aleksey Kuçer 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. 2 nəfərlik qayıqla (C-2) daha bir cütlüyümüz də yarışacaq. Aleksey Kupin – İqor Delistianov dueti 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüşlərdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yeniyetmə kayak və kanoeçilərimiz dünya çempionatına Polşada hazırlaşıblar. Onlar bir neçə turnirdə, o cümlədən, 28 iyun – 3 iyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa çempionatında mübarizə aparıblar. Qitə birinciliyində ən yaxşı nəticəni kanoeçilərimizdən Aleksey Kupin – İqor Delistianov dueti göstərib. Onlar 500 metr və 1000 metr məsafələrə yürüşlərdə finala çıxaraq 5-ci olublar. Bundan başqa kanoeçimiz Radoslav Kutsev 1000 metr, Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti isə 500 metr məsafəyə yürüşdə finaladək irəliləyib. Kutsev 7-ci, Vəlizadə - Mustafayev dueti 9-cu yerlə kifayətlənib.