Yığmamız DÇ-də mübarizəyə start verdi
5 avqust 2011 11:17

Azərbaycan akademik avarçəkənləri Böyük Britaniyanın Eton şəhərində start götürən yeniyetmələr arasında dünya çempionatında mübarizəyə başlayıblar. Azerisport.az xəbər verir ki, Boris Yotov 1 nəfərlik qayıqla (JM1X), Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti 2 nəfərlik qoşa avarlı qayıqla (JM2X) 2000 metr məsafəyə seçmə mərhələ yürüşündə iştirak ediblər.
Finişə 8 dəqiqə 4,53 saniyəyə çatan Yotov yalnız yunanıstanlı Alexandros Dafnisdən 2,25 saniyə geri qalıb. Əvəzində o, argentinalı Aksel Haakı (8:05.49), estoniyalı Yuri-Mikk Udamı (8:18.06) və fransalı Bon-Marin Mulonu (8:23.66) geridə qoyub. Bununla da 16 yaşlı avarçəkənimiz ¼ finala vəsiqə qazanıb.
Hüseynli – Xanlarov dueti isə finişə 7 dəqiqə 42,95 saniyəyə çatıb. Onlar isveçrəli Barnabe Delarze – Roman Röösli, macarıstanlı Kornel Kaşak – Mark Biro (7:05.80), polşalı Miroslav Zietarski – Lukaş Çubak (7:06.19), belçikalı Robin Vanparis – Frederik Tison (7:16.75) cütlüklərindən geri qalıblar. Həmyerlilərimiz yalnız gürcüstanlı Arçil Bayaşvili – Levan Birkaya (8:01.64) duetini geridə qoya bilib. Hüseynli – Xanlarov dueti mübarizəni təsəlliverici yürüşdə davam etdirəcək.
Qeyd edək ki, dünya çempionatına avqustun 7-də yekun vurulacaq.