Yığmamız DÇ-də uğur qazana bilmədi
8 avqust 2011 12:06

Böyük Britaniyanın Eton şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı 2 qayıq tipində 3 idmançı təmsil edib.
1 nəfərlik qayıqla (JM1X) 2000 metr məsafəyə yürüşdə Avropa birinciliyinin gümüş mükafatçısı Boris Yotov 10-cu yeri tutub. Yarımfinal yürüşündə 16 yaşlı avarçəkənimiz finişə 7 dəqiqə 11,51 saniyəyə çatıb. Bu nəticə ilə təmsilçimiz 5-ci olub. O, ilk “3-lüy”ə düşə bilmədiyindən, mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb. Yotov 7 – 12-ci yerlərdən birini nəzərdə tutan B finalında çıxış edib. Avarçəkənimiz bu dəfə finişə 7 dəqiqə 27,93 saniyəyə çataraq 4-cü olub. Beləliklə, Boris Yotov ilk dəfə qatıldığı dünya birinciliyini 10-cu pillədə başa vurub.
2 nəfərlik qoşa avarlı qayıqla (JM2X) mübarizə aparan Qardaşxan Hüseynli – Kamal Xanlarov dueti isə 22-ci yerlə kifayətlənib. C (D) yarımfinalında 2000 metr məsafəni 7 dəqiqə 11,30 saniyəyə qət edən avarçəkənlərimiz D finalında 7 dəqiqə 10,74 saniyə nəticə göstəriblər. Bu nəticə ilə azərbaycanlı cütlük yalnız gürcüstanlı Levan Birkaya – Arçil Bayaşvili duetini (7:26.75) üstələyə bilib.