Finaldakı rəqiblərimiz müəyyənləşdi
19 avqust 2011 02:55

Macarıstanın Seqed şəhərindəki dünya çempionatında 500 metr məsafəyə yürüşdə finala yüksələn Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin bütün rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, avqustun 19-da Bakı vaxtı ilə saat 19:01-də startı veriləcək həlledici yürüşdə Bezuqlıy – Prokopenko cütlüyü seçmə mərhələdə onları qabaqlayan Yevgeni İqnatov – İvan Ştıl (Rusiya), eləcə də Yaroslav Radon – Filip Dvoryak (Çexiya), Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya), Mariuş Kruk – Roman Rınkeviç (Polşa), Qyörgi Kozmann – Peter Daniel Korisanski (Macarıstan), Tomas Hall – Benjamin Russell (Kanada), Peter Kretşmer – Kurt Kuşela (Almaniya) və Dmitri Verxeles – Denis Kamerilov (Ukrayna) duetləri ilə mübarizə aparacaq.
Azərbaycanlı cütlük həmin gün olimpiya məsafəsi sayılan 1000 metrlik yürüşə də qatılacaq. Bu məsafəyə seçmə yürüşlər saat 12:55-dən 13:16-dək davam edəcək.
Bundan öncə - saat 11:00-da qadın kayakçımız Natalya Fikilisova, 11:55-də kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla, 12:15-də kişi kayakçılarımızdan ibarət Mirnazim Cavadov – Tamerlan Mustafayev dueti 2 nəfərlik qayıqla 500 metr məsafəyə start yürüşünə çıxacaqlar. Saat 18:37-də isə kanoeçimiz Adnan Əliyev 1 nəfərlik qayıqla 1000 metr məsafəyə B finalında (10 – 18-ci yerlər) mübarizə aparacaq.