Azərbaycan kanoeçisinə fianal çıxmaq üçün cəmi 0,960 saniyə çatmadı
19 avqust 2011 02:50

Macarıstanın Seqed şəhərində keçirilən dünya çempionatında finala yüksəlmək üçün Azərbaycan kanoeçisi Adnan Əliyevin cəmi 0,960 saniyəsi çatmayıb. Azerisport.az xəbər verir ki, 1 nəfərlik kanoe qayığı ilə 1000 metr məsafəyə yarımfinal yürüşündə Əliyev finişə 3 dəqiqə 55,977 saniyəyə çatıb.
O, özbəkistanlı Vadim Menkov (03:53:277) və rusiyalı İlya Ştokalovdan (03:53.727) geri qalıb. Qaydalara əsasən, əsas finala 4 yarımfinal yürüşündə ilk 2 yerin sahibləri və 3-cü yeri tutanlardan ən yaxşı göstəriciyə malik idmançı yüksəlib. Bu səbəbdən, Əliyevin həlledici mərhələyə çıxıb-çıxmadığını müəyyənləşdirmək üçün digər 3 yarımfinal yürüşündəki 3-cü yer sahiblərinin göstəricilərinə baxılıb. Bu zaman ən yaxşı 3-cü nəticəni 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Adnan Əliyevlə birgə 2 nəfərlik qayıqla finaladək irəliləmiş bolqarıstanlı Deyan Georgiyevin tutduğu məlum olub. Georgiyev finişə 3 dəqiqə 55,017 saniyəyə çatıb ki, bu da ona medallar uğrunda mübarizəni davam etdirmək imkanı verib. Halbuki 4-cü yarımfinal yürüşündə birinci yeri tutan ispaniyalı David Calın nəticəsi kanoeçimizinkindən aşağı – 4 dəqiqə 0,506 saniyə olub. Əliyev avqustun 19-da ən yaxşı halda 10–cu yeri tutmağa imkan verən B finalında çıxış edəcək.
Qeyd edək ki, əsas finala yüksələ bilməməklə, Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına dünya çempionatındaca lisenziya qazanmaq şansını itirib. O, gələn ilin mayında keçiriləcək Avropa təsnifat turnirinə ümid edə bilər. Lakin qitə çempionatında cəmi 1 vəsiqə uğrunda mübarizə gedəcək.