Azərbaycanlılar üçün DÇ-də 3 yarımfinal (FOTOLAR)
19 avqust 2011 14:55
Macarıstanın Seqed şəhərində davam edən dünya çempionatında Azərbaycanın kayak və kanoeçiləri 500 metr məsayə növbəti seçmə yürüşlərə qatılıblar. Azerisport.az xəbər verir ki, əvvəlcə mübarizəyə 1 nəfərlik qayıqla çıxış edən qadın kayakçımız Natalya Fiklisova qoşulub.
Fiklisova bu məsafəyə yürüşdə finişə 2 dəqiqə 5,762 saniyəyə çataraq, 6-cı olub. Qaydalara əsasən, kayakçımız ilk “6-lığ”a düşdüyü üçün yarımfinala yüksəlib. Onu qabaqlayan ukraynalı İnna Osipenka Radomska (01:59.468), ABŞ təmsilçisi Kerri Conson (02:01.136), qazaxıstanlı Natalya Sergeyeva (02:01.322), CAR təmsilçisi Bricit Hartli (02:01.466) və bolqarıstanlı Branislava Mişkov (02:02.558) da növbəti mərhələyə çıxıb.
Ardından kanoe üzrə ikiqat dünya və üçqat Avropa çempionumuz Valentin Demyanenko start xəttinə çıxıb. 1 nəfərlik qayıqla yürüş edən Demyanenko sonadək üstünlüyünü əldən verməyərək, 2 dəqiqə 1,628 saniyə nəticə ilə seçmə mərhələdəki bütün rəqiblərini qabaqlayıb. Onun üstünlüyü o qədər böyük olub ki, ən yaxın rəqibi, litvalı Yevgeni Myasnyankini 4,140 saniyə (02:05.768) geridə qoyub. Demyanenko və Myasnyankindən əlavə, sonrakı 5 yeri tutmuş çilili Mixael Qarsia Alleqri (02:06.266), çinli Fuyan Lianq (02:06.770), ABŞ təmsilçisi Robert Finleyson (02:07.688), CAR təmsilçisi Kelvin Mokoto (02:14.474) və qırğızıstanlı Danil Xrapunov (02:17.546) da yarımfinala yüksəlib.
Daha sonra 2 nəfərlik kayak qayığı ilə Mirnazim Cavadov – Tamerlan Cavadov dueti 500 seçmə mərhələ yürüşünə başlayıb. Gənc olmalarına baxmayaraq, kişilərin mübarizəsinə qatılan azərbaycanlı cütlüyün çıxışı uğurlu alınıb. Onlar finişə 1 dəqiqə 41,341 saniyəyə çatıblar. Bu nəticə ilə yalnız italiyalı Nikola Ripamonti – Mattia Kolombi duetindən 3,348 saniyə geri qalan duetimiz yarımfinala yüksəlib. Qaydalara əsasən, Ripamonti – Kolombi cütlüyü birbaşa əsas finala çıxıb. Cavadov – Mustafayev duetindən əlavə, polşalı David Putto – Denis Ambrozyak (1:41.413), cənubi koreyalı Hyun Qu Kanq – Min Kyu Çoy (1:43.285), lüksemburqlu Kristian Seydel – Mark Seydel (1:47.047) və hindistanlı Bhupender Sinq Pundir – Yendapha Arambam (1:52.057) cütlükləri də növbəti mərhələyə adını yazdırıb.
Qeyd edək ki, dünya çempionatının ilk günündə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 42,752 saniyə nəticə ilə 2-ci yeri tutaraq, birbaşa əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü bu gün Bakı vaxtı ilə saat 19:01-də olacaq.