Azərbaycan üçün DÇ-də növbəti uğur
19 avqust 2011 17:38

Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy – Maksim Prokopenko dueti daha bir məsafəyə yürüşdə uğurlu start götürüb. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qayıqla mübarizə aparan cütlük olimpiya məsafəsi sayılan 1000 metr-lik yürüşdə seçmə mərhələnin qalibi olub.
Onlar finişə 3 dəqiqə 52,029 saniyəyə çataraq birinci yeri tutublar. Bu nəticə ilə Bezuqlıy – Prokopenko dueti yarımfinala yüksəlib. Onlardan əlavə, rusiyalı Aleksey Korovaşkov – İlya Pervuxin (03:52.173), çexiyalı Yaroslav Radon – Filip Dvoryak (03:58.263), özbəkistanlı Gerasim Koçnev – Merey Mədətov (04:07.401), ispaniyalı Manuel Antonio Kampos – Xose Manuel Sançes (04:09.585) və avstraliyalı Aleks Haas – Ceyk Donaqhey (04:15.057) cütlükləri də növbəti mərhələyə adlayıblar.
Qeyd edək ki, dünya çempionatının ilk günündə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə seçmə yürüşdə 1 dəqiqə 42,752 saniyə nəticə ilə 2-ci yeri tutaraq, birbaşa əsas finala yüksəlib.