Azərbaycan dünya çempionatında ilk medalını qazandı
19 avqust 2011 21:28

Macarıstanın Seqed şəhərində keçirilən 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kayak və kanoe üzrə dünya çempionatında Azərbaycanın milli komandası ilk medalını əldə edib. Azerisport.az xəbər verir ki, 500 metr məsafəyə yürüşdə Sergey Bezuqlıy – Maksim Prokopenko dueti gümüş medal qazanıb.
Azərbaycanlı cütlük 2 nəfərlik qayıqla əsas final yürüşündə finişə 1 dəqiqə 46,178 saniyəyə çatıb. Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) 1 dəqiqə 45,524 saniyə nəticə ilə dünya çempionu olub. Peter Kretşmer – Kurt Kuşela (Almaniya) dueti isə 1 dəqiqə 46,802 saniyə göstərici ilə bürünc medala sahib çıxıb.
Lakin bu, hələ son deyil. Sergey Bezuqlıy – Maksim Prokopenko dueti olimpiya məsafəsi sayılan 1000 m-lik yürüşdə də finala yüksəlib. Eyni zamanda Valentin Demyanenko 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə həlledici mərhələdə iştirak hüququna yiyələnib.
Dünya çempionatında medal qazanan kanoeçilərimizi Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopes mükafatlandırıb. Lopes azərbaycanlı cütlüklə yanaşı, qızıl medal qazanan Alexandru Dumitresku – Viktor Mixalaki (Rumıniya) və bürünc mükafatçılar Peter Kretşmer – Kurt Kuşela (Almaniya) duetini də təltif edib.
Daha sonra Rumıniyanın himni səslənib, mükafatçı ölkələrin, o cümlədən Azərbaycanın 3 rəngli bayrağı qaldırılıb.