Azərbaycan idmançılarından olimpiya məsafəsində uğurlu start
20 avqust 2011 15:28

Macarıstanın Seqed şəhərindəki dünya çempionatında avqustun 20-də Azərbaycan kayak və kanoeçiləri olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə mübarizəyə başlayıblar. Azerisport.az xəbər verir ki, həm Valentin Demyanenko 1 nəfərlik kanoe, həm Natalya Fiklisova 1 nəfərlik kayak, həm də Tamerlan Mustafayev – Mirnazim Cavadov dueti 2 nəfərlik kayak qayığı ilə yürüşdə lazımi nəticəni göstərərək, yarımfinala yüksəliblər.
Seçmə mərhələ yürüşündə Demyanenko 39,446 saniyə nəticə ilə finişə birinci çatıb. Ondan əlavə, sonrakı 5 yeri tutmuş fransalı Tomas Simart (39,938), qazaxıstanlı Mixail Yemelyanov (40,358), çinli Veyjie Li (41,336), bolqarıstanlı Valeri Vasilyev (41,534), çilili Alvaro Torres Ragileo (41,684) növbəti mərhələyə yüksəlib.
Fiklisova isə 43,234 saniyə nəticə ilə finişə 6-cı çatıb. Bu nəticə onun yarımfinala çıxmasına kifayət edib. Növbəti mərhələyə ilk 5 yeri tutmuş ispaniyalı Tereza Portela Rivas (40,060), sloveniyalı Şpela Ponomarenko (41,566), serbiyalı Nikolina Moldovan (41,752), özbəkistanlı Yuliya Borzova (42,166) və avstriyalı Ana Roksana Lehaki (42,712) də mərhələ adlayıb.
Nəhayət, Mustafayev – Cavadov dueti seçmə yürüşdə finişə 34,910 saniyəyə 6-cı çatıb. Onlar ilk “6-lığ”a düşən digər kayakçılar – kanadalı Rayan Koşran – Hyuz Furnel (31,862), latviyalı Krist Strom – Aleksey Rumyantsev (32,048), yaponiyalı Momotaro Matsuşita – Hiroki Vatanabe (32,726), çinli B O Liu – Çen S U (34,580) duetləri də yarımfinala çıxıb. Mustafayev – Cavadov cütlüyünün geridə qoyduqları arasında Ermənistan təmsilçiləri Vladimir Alaverdyan – Hayk Qasparyan dueti də var.