“Sevinirəm ki, Azərbaycanda ilkə imza atdım”
5 sentyabr 2011 17:40

Azərbaycan avarçəkənləri ölkəmizin lisenziya baqajına sanballı töhfə verdilər. Azerisport.az xəbər verir ki, onlar London Olimpiadasına dörd lisenziya qazanıblar.
Məlum olduğu kimi, avarçəkmə idmanı üzrə Azərbaycana ilk lisenziyaları kanoeçi Sergey Bezuqlıy və Maksim Prokopenko, daha sonra Valentin Demyanenko aldı. Lisenziya estafetini uğurla davam etdirmiş akademik avarçəkmə ustaları Aleksandr Aleksandrov və Natalya Mustafayeva da London Olimpiadasına vəsiqə qazanıb.
Qeyd edək ki, Aleksandr Aleksandrov üçün olimpiya lisenziyası qazanmaq psixoloji cəhətdən daha əhəmiyyətli idi. Çünki həmyerlimiz Amsterdamda gənclər arasında Dünya Çempionatında uğursuz çıxış edərək yeddinci yerlə kifayətlənməli olmuşdu. Azərbaycan avarçəkəni bu dəfə də yeddinci yeri tutdu, lakin yaşlılar arasında Dünya Çempionatında bu nəticə onun üçün uğur sayıla bilər. Ən başlıcası, Aleksandr olimpiya lisenziyası qazandı.
Aleksandr Aleksandrov lisenziya aldıqdan sonra keçirdiyi hissləri bölüşüb: “Axır ki, mən nəyəsə nail oldum. Çox şadam ki, məşqçimin əməyi sayəsində mən olimpiya lisenziyası qazana bildim. Bled şəhərində Dünya Çempionatına yola düşəndə yaxşı formada olduğumu və qarşıya qoyulmuş vəzifəni yerinə yetirəcəyimi bilirdim. Hiss edirdim ki, olimpiya lisenziyası qazanmaq şansım çoxdu. Bu məqsədimə çatdığıma görə çox sevinirəm. Əlbəttə, Dünya Çempionatında çətinliklər çox idi, çünki mənim rəqiblərim çox güclü idi. Başlıcası, biz oraya gedərkən qarşıya qoyduğumuz vəzifəni yerinə yetirdik”.
İdmançının sözlərinə görə, psixoloji baxımdan onun heç bir problemi yoxdu. London Olimpiadasının gələcək iştirakçısını dinləyək: “Bu, çox vacibdi. İstəyirəm ki, bunu hamı bilsin. Sadəcə, mən əvvəllər heç vaxt özümü Amsterdamda olduğu kimi hiss etməmişəm. O vaxt mən buna hazır deyildim, indi isə belə vəziyyətlərdə nə etmək lazım olduğunu bilirəm. Bu il mənim işlərim o qədər də yaxşı getmirdi, lakin şadam ki, mövsüm mənim üçün uğurla başa çatır, mən olimpiya lisenziyası qazanmışam. Əks halda bu ili mənim üçün uğursuz il adlandırmaq olardı, indi isə hər şey normaldı. Düşünürəm ki, bu lisenziya mənim özümə inamımı artıracaq və gələcəkdə daha böyük uğurlar qazanmağıma imkan verəcək. Hər halda sevinirəm ki, akademik avarçəkmədə Azərbaycan üçün ilk olimpiya lisenziyasını mən qazanmışam”.
Xatırladaq ki, bu, Azərbaycanın sayca doqquzuncu olimpiya lisenziyasıydı.