Millimizin baş məşqçisi: Ola bilsin, bunu da həyata keçirdik
8 sentyabr 2011 01:19

Son zamanlar avarçəkənlərimiz tarixi uğura nail olaraq qısa müddətdə dünya elitasına girməyi və olimpiya lisenziyaları qazanmağı bacarıblar. Məlum olduğu kimi, əvvəlcə kanoeçilərimiz Sergey Bezuqlıy – Maksim Prokopenko dueti ilə Valentin Demyanenko fərqləniblər. Ardından olimpiya lisenziyalarını akademik avarçəkənlərimiz Aleksandr Aleksandrovla Nataliya Mustafayeva əldə ediblər. Sloveniyanın Bled şəhərində keçirilmiş akademik avarçəkmə üzrə olimpiya lisenziyalı dünya çempionatından sonra Azərbaycan milli komandasının baş məşqçisi Rudiger Hauffe sevincini gizlətməyib. Azerisport.az xəbər verir ki, o, Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsində təəssüratlarını bölüşüb:
- Fikrimcə, qazanılan olimpiya lisenziyaları komandamız üçün irəliyə doğru böyük addımdır. Bu uğur naminə biz uzun dövr ərzində durmadan çalışmışıq. Biz hamımız çox şadıq ki, bütün qarşıya qoyulan məqsədləri yerinə yetirə bilmişik. Bu, çox uzun mövsüm oldu. Çoxlu yarışda iştirak etdik. Bizim yüksəlişimiz də, enişimiz də oldu. Lakin yekunda 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bildik. Əminəm ki, biz bu vəsiqələrə layiq idik.
- Bu il Azərbaycan avarçəkənləri böyük inkişafa nail oldular. Xüsusən, Nataliya Mustafayeva Dünya Kubokunun I mərhələsində 11-ci olduğu halda sonrakı mərhələlərdə finala yüksəldi, indi isə olimpiadaya lisenziya qazandı...
- Nataliya Mustafayeva inkişafa bir neçə faktor sayəsində nail oldu. O, olimpiya lisenziyasına doğru ilk addımı Azərbaycana gələndə atdı. Sonra Azərbaycan yığmasının digər üzvləri ilə birgə həm qışda, həm də yazda durmadan çalışdı. Çoxlu kilometrlər qət etdi, trenajor zalında xeyli vaxt keçirdi. Onu da qeyd etmək vacibdir ki, bu müddətdə o, başda prezident Elçin Zeynalov olmaqla Azərbaycan Milli Avarçəkmə Federasiyası tərəfindən dəstək gördü. Bu, Mustafayevaya özünəinam verdi. Beləliklə, o, sürətli templərlə inkişaf etməyə başladı. Nəticədə Nataliya Dünya Kubokunun II və III mərhələlərində finala yüksəldi, böyüklər arasında dünya çempionatında 7-ci yeri tutdu və olimpiya lisenziyası qazana bildi. Eyni sözlər Aleksandr Aleksandrova da aiddir. Mövsüm ərzində onun kiçik eniş yaşadı. Hollandiyanın paytaxtı Amsterdamda keçirilmiş 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatına da bu vəziyyətdə gəldi. Lakin yekunda Aleksandrov bu problemin öhdəsindən gəldi və böyüklər arasındakı dünya çempionatında uğurla çıxış edərək London olimpiadasına lisenziya qazandı. Ona görə də federasiyanın bütün üzvlərinə, xüsusən, prezident Elçin Zeynalovu verdiyi dəstəyə görə təşəkkür və təbriklərimi bildirirəm.
- İndi bütün ümidlər 2012-ci il London Yay Olimpiya Oyunlarına bağlanıb. Sizcə, avarçəkənlərimiz medallar uğrunda mübarizə apara biləcəklər?
- Biz gələn il Londona gedərək, “Biz şadıq ki, olimpiadada iştirak etdik” demək fikrində deyilik. Yəni, “Əsas qələbə deyil, iştirakdır” kimi olimpiya prinsipi bizə uyğun deyil. Olimpiadada biz finala yüksəlmək istəyirik. Bu il Natalya Mustafayeva dünyada 7-ci, Aleksandr Aleksandrov isə 9-cu oldu. Olimpiadaya qalan vaxt ərzində biz elə bir inkişafa nail olmalıyıq ki, akademik avarçəkmə üzrə olimpiya turnirində finala problemsiz yüksələ bilək. Bu, bizim üçün minimum vəzifə olacaq. Olimpiya medallarına gəldikdə, bu, hər bir idmançı və məşqçinin arzusudur. Amma biz realist olmalı və irəliyə addım-addım hərəkət etməliyik. Ona görə də gələcəkdə nə olacağını görərik. Bəlkə arzumuzu həyata keçirə bilərik (gülür).
- Sizin olimpiadaya hazırlıq üçün hər hansı konkret planınız var?
- Ən yaxın vaxtlarda biz London olimpiadasına hazırlıq planını konkret müəyyənləşdirəcəyik.