Mingəçevir reqatası - 2011 başladı (FOTOLAR)
6 noyabr 2011 18:11

Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Beynəlxalq “Mingəçevir Reqatası-2011”in açılış mərasimi təşkil olunub. Azerisport.az xəbər verir ki, tədbirdə Federasiyasının prezidenti Elçin Zeynalov, federasiya Gənclər və İdman Nazirliyinin rəsmiləri, Mingəçevir şəhər icra hakimiyyəti başçısının müavini Bayram Mustafa iştirak ediblər.
Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstan avarçəkənləri təntənəli mərasim üçün düzülüblər, reqatanın baş hakimi İlqar Tağıyev rəsmi şəxslərə raport verib. Azərbaycan himni səsləndirildikdən sonra çıxışlar başlanıb.
Mingəçevir şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Ramiz Əliyev ölkə rəhbərliyi səviyyəsində idmana göstərilən diqqət və qayğıdan danışarkən, avarçəkmənin Mingəçevirin idman həyatındakı rolunu da vurğulayıb. O, akademik avarçəkmə və kanoe növlərində 5 idmançımızın 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazandıqlarını xatırladıb.
Şəhər icra başçısının müavini Bayram Mustafa artıq 52-ci dəfə təşkil olunan Mingəçevir Reqatasının keçmiş SSRİ vaxtında ümumittifaq xarakteri daşıdığı halda, 5 ildir beynəlxalq reqata kimi təşkil olunduğunu vurğulayıb. O, Rusiya, Ukrayna və Gürcüstan avarçəkənləri ilə yanaşı, turnirə ilk dəfə təşrif buyuran qardaş Türkiyə kanoeçilərini salamlayıb. B.Mustafa ölkəmizdə digər idman növləri ilə yanaşı, avarçəkmənin də inkişaf etdiyini, artıq dünya və Avropa çempionlarımızın olduğunu, London olimpiadasına isə 4 lisenziyanın qazanıldığını diqqətə çatdırıb. İcra başçısının müavini açılış mərasiminin Qurban bayramına təsadüf etməsinə də diqqət çəkərək, bütün müsəlmanları bu münasibətlə təbrik edib.
Sonra yürüşlər başlanıb. Reqatanın ilk günündə akademik, kayak və kanoe üzrə ilkin və yarımfinal yürüşləri olacaq. Noyabrın 7-də günün ilk yarısında kayak və kanoe üzrə final yürüşləri və mükafatlandırma olacaq. Günün ikinci yarısında isə akademik avarçəkənlərin qalan yarımfinal yürüşləri davam edəcək. Nəhayət, noyabrın 8-də günün ilk yarısında akademik avarçəkmə üzrə final yürüşləri və mükafatlandırma nəzərdə tutulub.
Akademik avarçəkənlər 1 nəfərlik, 2 nəfərlik və 4 nəfərlik qayıqlarla 2000 metr, kayak və kanoeçilər isə 1 nəfərlik və 2 nəfərlik qayıqlarla 200 metr, 500 metr və 1000 metr məsafələrə yürüş edəcəklər.