“Məqsədim London Yay Olimpiya Oyunlarında medal qazanmaqdı”
1 aprel 2012 00:02

Azərbaycan kanoeçisi, 3 qat dünya və 3 qat Avropa çempionu Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarına hazırlıqları barədə danışıb. Azerisport.az xəbər verir ki, 29 yaşlı idmançımız Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına müsahibəsində iyulun 27-də start götürəcək olimpiadaya hazırlığın plan üzrə getdiyini bildirib.
O, tərtib olunan qrafikə əsasən, həm fiziki hazırlıq, həm də dözümlülük üzərində çalışdıqlarını söyləyib: “Məşqlərimizin hansı gün hansı ölkədə keçirilməsi bu qrafikdə əksini tapıb. Biz də nəyi və nə vaxt nəzərdə tutmuşuqsa, ona uyğun da çalışırıq. Ona görə də fikrimcə, bizim üçün olimpiadada hər şey yaxşı olmalıdır. Mən buna ümidvaram”.
Demyanenko 2012-ci ilin ilk yarışı kimi hazırda Mingəçevirdə keçirilən “Beynəlxalq Prezident Kuboku-2012” reqatasında qüvvəsini sınayıb. O, Prezident Kubokundan sonra daha 2 ay Mingəçevirdə hazırlıq keçəcəyini, ardından 1 – 3 iyunda Rusiyanın paytaxtı Moskvada baş tutacaq Dünya Kubokunun III mərhələsinə qatılacağını açıqlayıb. O, əsas məqsədinin London olimpiadasında medal qazanmaqdan ibarət olduğunu vurğulayıb: “Əslində Prezident Kuboku və ya Dünya Kubokunda bizə medal qazanmaq lazım elə də vacib deyil. Bizə bir medal lazımdır. Bu, əsas medaldır. Sadəcə, olimpiada öncəsi yarışlarda qüvvələrimizi sınadan keçirməliyik”.
Dünya Kuboku mərhələsindən 3 həftə sonra isə təcrübəli kanoeçimiz 22 – 24 iyunda Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatına qatılacaq. Olimpiadaya yekun hazırlıq dövrü də məhz qitə çempionatından sonrakı 2 ayı əhatə edəcək.