Azərbaycan avarçəkmə yığması - Serbiyadan İsveçrəyə
27 aprel 2012 13:15
Akademik avarçəkmə üzrə Azərbaycan milli komandası aprelin 30-da Serbiyanın paytaxtı Belqrada yollanacaq. Azerisport.az xəbər verir ki, Baş məşqçi Rudiger Hauffe və məşqçi Yuliana Stoyevanın rəhbərliyi altında 5 avarçəkənimiz səfərə çıxacaq.
Bunlar Boris Yotov, İskra Angelova, Viktoriya Nençeva, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Aleksandr Aleksandrovla Nataliya Mustafayevadır. İdmançılarımız əvvəlcə mayın 4-də Serbiyanın paytaxtı Belqradda start götürəcək Dünya Kubokunun I mərhələsində iştirak edəcəklər. 3 gün davam edəcək nüfuzlu yarışda Aleksandrov, Yotov və Mustafayeva 1 nəfərlik qayıqla (1X), Angelova – Nençeva dueti isə 2 nəfərlik təkavarlı qayıqla (2-) 2000 metr məsafəyə yürüşlərə qatılacaqlar.
Bundan sonra yığmamız İsveçrənin Lütsern şəhərinə üz tutacaq. Millimiz Lütserndə 20 – 23 mayda keçiriləcək Son Olimpiya Təsnifat Reqatasına (Final Olympic Qualification Regatta) və 25 – 27 mayda baş tutacaq Dünya Kubokunun II mərhələsinə hazırlaşacaq. Ardından komandamız 15 – 17 iyunda Almaniyanın Münhen şəhərində təşkil olunacaq Dünya Kubokunun III mərhələsinə qatılacaq. Bu yarışlarda mübarizə aparacaq avarçəkənlərimizin adlarına yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, Dünya Kubokunun I mərhələsində 43 ölkədən 662 akademik avarçəkən qüvvəsini sınayacaq. (AMAF mətbuat xidməti)