Adnan Əliyev Olimpiyadaya lisenziya qazana bilmədi
16 may 2012 18:36
Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürüb. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı kanoe növündə təmsil edən Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.
Əliyev 1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşlərə qatılıb. 29 yaşlı kanoeçimiz seçmə yürüşdə bu məsafəni 4 dəqiqə 11,489 saniyəyə qət edərək, 6-cı olub. O, birbaşa finala adlaya bilməsə də, yarımfinalda da mübarizə aparıb. Bu dəfə isə Əliyev finişə 4 dəqiqə 14,416 saniyəyə çatıb. Finala ilk 3 yeri tutanlar yüksəliblər. Kanoeçimiz isə 5-ci olduğundan, həlledici yürüşdən kənarda qalıb.
London olimpiadasına lisenziya qazanmaq üçün ilk 2 yerdən birini tutmaq lazımdır. Bu vəsiqələr uğrunda 9 finalçı – Sebastian Brendel (Almaniya), Pavel Rusu (Moldova), İosif Kirila (Rumıniya), Matey Rusnak (Slovakiya), Deyan Georgiyev (Bolqarıstan), Pyotr Kuleta (Polşa), Qatis Pranks (Latviya), Vladimir Trotsyuk (Ukrayna) və Andreas Kiliqkaridis (Yunanıstan) mayın 17-də mübarizə aparacaq.
Beləliklə, 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanı kanoe növündə Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin təmsil edəcəyi dəqiqləşib. Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr, Bezuqlıy – Prokopenko cütlüyü isə 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşlərə qatılacaqlar.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti