Dünya Kubokunda Azərbaycan üçün daha 2 final
20 may 2012 02:53

Polşanın Poznan şəhərində keçirilən Dünya Kubokunun I mərhələsində Azərbaycan kanoeçiləri Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko duetləri çıxış etdikləri bütün məsafələrə yürüşlərdə finala yüksəliblər. Azerisport.az xəbər verir ki, Kraytor 1 nəfərlik qayıqla (C-1) 500 metrlik məsafənin ardından olimpiya məsafəsi sayılan 200 metrlik yürüşdə də finişə birinci çatıb.
C-1 kateqoriyalı qayıqla ən qısa məsafəyə yürüşlərə 37 kanoeçi qatılıb. Onlar 5 yarımqrupda mübarizəyə başlayıblar. 20 yaşlı kanoeçimiz seçmə yürüşdə 200 metr məsafəni 42,614 saniyəyə qət edib. O, kanadalı Ceyson Makkumbs (42,986), ukraynalı Aleksandr Maksimçuk (43,162), belaruslu Denis Xaraja (43,742), polşalı Adam Ginter (43,850), qazaxıstanlı Mixail Yemelyanov (44,338), fransalı Tomas Simart (44,638) və özbəkistanlı Merey Medetovu (45,358) üstələyib. Kraytor yarımfinalda da hamıdan güclü olub. Bu dəfə finişə daha tez - 40,987 saniyəyə çatan təmsilçimiz litvalı Yevgeni Myasnyankin (42,343), fransalı Matyö Qubel (42,487), irlandiyalı Andrjey Yevyerski (42,663), çexiyalı Martin Fuksa (42,995), yaponiyalı Naoya Sakamoto (43,027), polşalı Adam Ginter (43,175), gürcüstanlı Zaza Nadiradze (44,607) və meksikalı Sol Kastilyo Moralesi (46,299) geridə qoyub. Bu nəticə ilə istedadlı idmançımız əsas finala (Final A) vəsiqə qazanıb. Mayın 20-də Bakı vaxtı ilə saat 13:07-də başlanacaq həlledici yürüşdə Kraytorun rəqibləri Ceyson Makkumbs (Kanada), Mixail Yemelyanov (Qazaxıstan), Yuri Çeban (Ukrayna), İvan Ştıl (Rusiya), Aleksandr Dyadçuk (Qazaxıstan), Yevgeni Myasnyankin (Litva), Maksim Opalev (Rusiya) və Santos Nivalter (Braziliya) olacaq.
Bezuqlıy – Prokopenko dueti isə 1000 metr məsafəyə yürüşü bürünc medalla başa vurduqdan və 500 metr məsafəyə yürüşdə finala yüksəldikdən sonra 200 metr məsafədə də həlledici yürüşdə iştirak hüququ qazanıb. Onların seçmə yürüşdə ən qısa məsafəni 39,738 saniyəyə ediblər. Bu nəticə ilə kanoeçi cütlüyümüz özbəkistanlı Serik Mirbekov – Gerasim Koçnev (40,146), polşalı Adam Novak – Mixal Lyubnyevski (40,554), latviyalı Qatis Pranks – Anton Knesis (40,690), qazaxıstanlı Vladimir Petrov – Yevgeni Kovalenko (44,870) və iştirakı baş tutmayan litvalı Raymundas Labukas – Tomas Qadeykis duetlərini qabaqlayıb. Bu nəticə ilə duetimiz birbaşa əsas finala yüksəlib. Mayın 20-də saat 13:29-da başlanacaq həlledici yürüşdə Bezuqlıy – Prokopenko dueti Serik Mirbekov – Gerasim Koçnev (Özbəkistan), Adam Novak – Mixal Lyubnyevski (Polşa), Dmitri Rabçanka – Aleksandr Vavçetski (Belarus), Erlon Souza – Ronilson Oliveyra (Braziliya), Timofey Yemelyanov – Sergey Yemelyanov (Qazaxıstan), Alvaro Torres – Conatan Tafra (Çili), Qatis Pranks – Anton Knesis (Latviya) və Daniel Poşpiç – Mariuş Ruçinski (Polşa) cütlükləri ilə mübarizə aparacaq.
Qeyd edək ki, mayın 20-də Andrey Kraytor və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti həm də 500 metr məsafəyə final yürüşlərində çıxış edəcəklər. Saat 16:20-də başlanacaq həlledici yürüşdə Kraytorun rəqibləri seçmə yürüşdə qabaqladığı 5 qat dünya çempionu Denis Xaraja (Belarus), eləcə də Naoyo Sakamoto (Yaponiya), Santos Nivalter (Braziliya), Vinsent Şlominski (Polşa), Martin Fuksa (Çexiya), Dilşod Yuldaşov (Özbəkistan), Andreas Kiliqkaridis (Yunanıstan) və Qatis Pranks (Latviya) olacaq.
Saat 16:49-da başlanacaq final yürüşündə isə Bezuqlıy – Prokopenko duetinin rəqibləri Dmitri Rabçanka – Aleksandr Vavçetski (Belarus), Vadim Menkov – Merey Medetov (Özbəkistan), Pol Brayant – Rolan Varqa (Kanada), Serik Mirbekov – Gerasim Koçnev (Özbəkistan), Sergey Yemelyanov – Timofey Yemelyanov (Qazaxıstan), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus), Daniel Poşpiex – Yakub Sitkovski (Polşa) və Sergey Torres Madriqal – Joze Karlos Bulnes Farinas (Kuba) olacaq.
Dünya Kubokunun I mərhələsində kanoeçilərimizdən yalnız Adnan Əliyev uğurlu ola bilməyib. 29 yaşlı kanoeçimiz yarımfinalda 7-ci yeri tutaraq, mübarizəni dayandırıb. Lakin onu mayın 20-də saat 17:15-də 5000 metr məsafəyə yürüş gözləyir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti