Azərbaycan üçün son Olimpiya şansı: rəqiblər məlum oldu
20 may 2012 02:59

Mayın 20-də İsveçrənin Lütsern şəhərində start götürəcək Yekun Olimpiya Təsnifat Reqatasında (Final Olympic Qualification Regatta) Azərbaycan akademik avarçəkənlərinin ilk rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, təmsilçilərimizdən mübarizəyə əvvəlcə Viktoriya Nençeva – İskra Angelova dueti qoşulacaq.
Qadınlar arasında 2 nəfərlik təkavarlı qayıqda (W2-) yer alan cütlüyümüz Bakı vaxtı ilə saat 18:00-da 2000 metr məsafəyə seçmə yürüşdə qüvvəsini sınayacaq. Onların rəqibləri Kerstin Hartmann – Marlen Sinniq (Almaniya), Maria Laura Abalo – Qabriela Best (Argentina), Yuliya Bıçik – Natalya Gelax (Belarus) və Vianka van Dorp – Olivia van Royyen (Hollandiya) olacaq. İlk 2 yeri tutanlar birbaşa əsas finala, sonrakı pillələrin sahibləri isə təsəlli yürüşünə qatılacaqlar.
Saat 18:56-da isə Aleksandr Aleksandrov – Boris Yotov dueti start xəttinə çıxacaq. Kişilərin yarışında 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizə aparacaq cütlüyümüz seçmə mərhələdə Viktor Çabel – Pyotr Liçnerski (Polşa), Dmitri Mixay – Artyom Morozov (Ukrayna) və Oleq Qonorovski – Dani Fridman (İsrail) duetlərinə rəqib olub. 2000 metr məsafəyə yürüşdə ilk 3 yeri tutanlar yarımfinala, sonrakılar isə təsəlli yürüşünə qatılacaqlar.
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün hər iki duetimiz ilk 2 pillədən birini tutmalıdır.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti