Azərbaycanlı duet növbəti olimpiya lisenziyasının bir addımlığında!
23 may 2012 17:25

İsveçrənin Lütsern şəhərində keçirilən akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatasında Azərbaycan təmsilçiləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet finala yüksəlib. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşün yarımfinalında cütlüyümüz finişə 6 dəqiqə 21,03 saniyəyə çatıb.
ABŞ təmsilçisi Samuel Stitt – Uorren Anderson dueti də bu məsafəni eyni müddətə qət edib. Lakin fotofinişin görüntülərinə əsasən, Aleksandrov – Yotov cütlüyünün finiş xəttini birinci keçdiyi müəyyənləşib. Bu iki duetlə yanaşı, 6 dəqiqə 22,26 saniyə nəticə ilə 3-cü yeri tutan çinli Riokian Yin – Vey Kanq, həmçinin digər yarımfinalda ilk “3-lüy”ə düşən italiyalı Alessio Sartori – Romano Battisti (6:20.12), latviyalı Lauris Sire – Dairis Adamatis (6:21.63) və ukraynalı Dmitri Mixay – Artyom Morozov (6:24.38) cütlükləri də həlledici yürüşdə iştirak hüququna yiyələnib. Final yürüşü mayın 23-də Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Yekun Olimpiya Təsnifat Reqatasında Azərbaycanın qadınlardan ibarət İskra Angelova – Viktoriya Nençeva dueti isə finala yüksələ bilməyib. 2 nəfərlik təkavarlı qayıqla (W2-) mübarizə aparan cütlüyümüz təsəlli yürüşündə 2000 metr məsafəni 7 dəqiqə 16,50 saniyəyə qət edib. Bu nəticə ilə onlar finişə 4-cü çatıblar. Finala isə ilk 2 yeri tutmuş kanadalı Natali Mastraççi – Larissa Laqzdins (7:08.74) və belaruslu Yuliya Bıçik – Natalya Gelax (7:10.85) duetləri yüksəliblər.
Qeyd edək ki, Aleksandr Aleksandrov – Boris Yotov dueti finalda ilk 2 yerdən birini tutarsa, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Aleksandrov hələ ötənilki dünya çempionatında 1 nəfərlik qayıqla (M1X) yürüşdə olimpiya vəsiqəsini əldə edib. İndi isə o, 16 yaşlı Boris Yotovla birgə bu hüquqa yiyələnməyə çox yaxındır.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti