Olimpiya lisenziyasının ardınca qızıl medal
12 iyun 2012 15:39

Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazandığı Sloveniyanın Bled şəhərində növbəti uğura imza atıb. Azerisport.az xəbər verir ki, 22 yaşlı idmançımız 57-ci Beynəlxalq Reqatada qızıl medala sahib olub.
Seçmə yürüşdə kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Aleksandrov 2000 metr məsafəni 7 dəqiqə 58,11 saniyəyə qət edərək, finişə hamıdan birinci çatıb. O, ən yaxın izləyicisi Qoran Şpaletanı (Xorvatiya) 10,20 saniyə qabaqlayıb. Bu nəticə ilə avarçəkənimiz birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici yürüşdə təmsilçimiz 8 dəqiqə 12,31 saniyə nəticə ilə yenə birinci olub. Bu dəfə o, ikinci yeri tutmuş Rayko Hrvatı (Argentina) 12,95 saniyə üstələyib.
Qeyd edək ki, Aleksandr Aleksandrov London olimpiadasına lisenziyanı 2011-ci il dünya çempionatında 9-cu yerin sahibi kimi qazanıb.
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti