Dünya Kubokunun mərhələ yarışlarının yekunu: Azərbaycan 19-cudu
18 iyun 2012 18:38

Akademik avarçəkmə üzrə Dünya Kubokunun mərhələ yarışlarının yekunlarına əsasən reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Beynəlxalq Akademik Avarçəkmə Federasiyasının (FİSA) dərc etdiyi siyahı ölkələr və qayıq tipləri üzrə tərtib olunub. Azərbaycanı Dünya Kubokunun hər 3 mərhələsində Nataliya Mustafayeva, eləcə də yalnız I mərhələdə Aleksandr Aleksandrov təmsil edib. Mustafayeva üst-üstə 12 xal, Aleksandrov 3 xal toplayıb. Qadın avarçəkənimiz I mərhələdə bürünc medal qazanmaqla aktivinə 5 xal, II mərhələdə 4-cü yeri tutduğu üçün 4 xal, III mərhələdə 5-ci olduğu üçün isə 3 xal yazıb. Aleksandrovun isə I mərhələdə tutduğu 5-ci yer ona 3 xal qazandırıb.
Beləliklə, Azərbaycan Dünya Kubokunun mərhələ yarışlarının yekununda 15 xal yığıb və xal qazanmağa müvəffəq olan 33 ölkə arasında 19-cu yeri tutub. 2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək Nataliya Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yürüşdə 12 xalla 2-ci olub. O, yalnız çinli Siuyun Çanqdan geri qalıb. Əvəzində Mustafayeva Çexiya, Yeni Zelandiya, Belarus, Litva, Avstraliya, İrlandiya, Danimarka, İsveç, Rusiya, Serbiya, Almaniyanı təmsil edən Avropa və dünya, hətta olimpiya çempionlarını geridə qoyub. London olimpiadasındakı daha bir təmsilçimiz Aleksandr Aleksandrov isə kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mərhələ yarışlarının yekununda 3 xalla 8-ci yeri tutub. O, Çexiya, Böyük Britaniya, Almaniya, Kuba, İsveç, Yeni Zelandiya və Çin təmsilçilərindən geri qalıb. 22 yaşlı avarçəkənimiz Meksika, Litva və Norveç idmançılarını qabaqlaya bilib.
Azərbacan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti