Azərbaycan təmsilçisi dünya çempionatının finalında!
15 iyul 2012 18:36

Litvanın Trakay şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər üzrə dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Aleksandr Aleksandrov finala yüksəlib. Azerisport.az xəbər verir ki, 1 nəfərlik qayıqla (BM1X) 2000 metr məsafəyə yarımfinal yürüşündə də Aleksandrov finişə birinci çatıb.
O, elə ilk saniyələrdən üstünlüyə yiyələnib və sonadək liderliyi əldən verməyib. 7 dəqiqə 44,08 saniyə nəticə göstərən 22 yaşlı avarçəkənimiz ən yaxın izləyicisi, argentinalı Nikolas Silvestronu 11,14 saniyə geridə qoyub. Aleksandrov öz yarımqrupunda Silvestro və 3-cü yeri tutan belçikalı Hans Obreno (8:00.60) ilə birgə həlledici mərhələyə vəsiqə qazanıb. İyulun 15-də Bakı vaxtı ilə saat 16:22-də başlanacaq final yürüşündə qalan rəqiblər digər yarımqrupda ilk 3 yeri tutmuş Andre Redr (Slovakiya), Dionisios Angelopulos (Yunanıstan) və Hubert Trjibinski (Almaniya) olacaq.
Qeyd edək ki, Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında da mübarizə aparacaq.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti