“Azərbaycanda bu idman növünün inkişafı qarşıda duran əsas vəzifələrdən biridi”
31 avqust 2012 17:08

“Azərbaycanda su idman növlərinin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridi”. Azerisport.az xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.
"Bu gün Azərbaycanda 34 olimpiya kompleksi fəaliyyət göstərir və onların hamısında demək olar ki, su hovuzu var. İndi bizim əsas məqsədimiz uşaq idmanını inkişaf etdirmək, regionlarda, rayonlarda, şəhərlərdə seksiyalar açmaq və maksimal şəkildə uşaqları, gəncləri, məktəbliləri su idman növləri ilə məşğul olmağa cəlb etməkdir", - Fətiyev qeyd edib.
O bildirib ki, qarşıda duran vəzifələrdən biri də bütün Avropa və dünya çempionatlarda, kuboklarda iştirak etməkdir.
"Hazırda İtaliyanın məhşur bir idman evi ilə müqavilə bağlanması istiqamətində danışıqlar aparırıq. Yəqin ki, həmin idman evi ilə müqavilə bağlayacağıq. Hazırda bizim iki idmançımız var ki, onlar Olimpiya Oyunlarında iştirak ediblər. Onlar və seçiləcək digər idmançılar İtaliyaya göndəriləcək və həmin idman evində öz idman təhsillərini inkişaf etdirəcəklər", - Fətiyev deyib.
Onun sözlərinə görə, həmçinin xaricdən məşqçlərin dəvət olunması planlaşdırılır. Hazırda bu idman növünün inkişafı istiqamətində əsas layihə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində tikiləcək Su İdmanı Sarayıdır.
Sarayın təxminən 2 ilə hazır olacağını deyən Fətiyev qeyd edib ki, bu çox möhtəşəm bir kompleks olacaq. "Deyərdim ki, Avropada analoqu olmayan bir kompleks olacaq. Bu saray su idman növləri üçün böyük bir məkan olacaq. Su idmanı indiyə qədər Azərbaycanda var idi və inkişaf edirdi. Bundan sonra bu idman növünün daha da inkişaf etdirilməsi əsas vəzifəmizdir", - Fətiyev bildirib. (Trend)