Bakıda su idmanı növləri üzrə yeni baza yaradılacaq
16 yanvar 2013 13:58

Bakıda su idmanı növləri üzrə yeni bazanın yaradılacağı gözlənilir. Azerisport.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə avarçəkmə kimi idman növlərinin 2015-ci ildə keçiriləcək Avropa Olimpiya Oyunlarına salınacağı təqdirdə Bakıda bunun üçün infrastruktur yaradılmalı olduğunu bildirib.
"Oyunlar yalnız Bakıda keçirilməlidir. Bu səbəbdən Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin avarçəkmə bazasından istifadə olunacağı gözlənilmir", - Hüseynzadə deyib.
Avropa Olimpiya Oyunlarına daxil ediləcək idman növlərinin siyahısının bu ilin mart ayında müəyyənləşəcəyini vurğulayan MOK-un vitse-prezidenti qeyd edib ki, həmin siyahı təsdiqləndikdən sonra konkret işlərin görülməsinə başlanıla bilər.
"Olimpiya Oyunlarına daxil ediləcək idman növlərinin siyahısı təkcə yarışları keçirən təşkilatın istəyi ilə hazırlanmır, federasiyalar, Olimpiya komitələri ilə müzakirələr aparılır", - o deyib.
Hüseynzadə qeyd edib ki, Azərbaycan artıq Avropa Olimpiya Oyunlarına salınacaq idman növləri ilə bağlı öz təklifini Avropa Olimpiya Komitəsinə təqdim edib: "Bunlar Azərbaycanda daha populyar olan idman növləridir - güləş, boks, taekvondo, karate və sairdir".
İlk Avropa Oyunları 2015-ci ilin iyununda Bakıda keçiriləcək. Avropa Oyunlarının Panamerikan və Panasiya oyunları kimi hər dörd ildən bir Avropada keçirilməsi gözlənilir.