Dünya Kubokunda 7 akademik avarçəkənimiz yarışacaq
20 iyun 2013 19:05

Azərbaycan akademik avarçəkənləri Dünya Kubokunun II mərhələsində mübarizə aparacaqlar. Azerisport.az xəbər verir ki, iyunun 21-də Böyük Britaniyanın paytaxtı Londondakı "Eton Dorney" Avarçəkmə Mərkəzində start götürəcək yarışda ölkəmiz 4 qayıq tipində 7 idmançı ilə təmsil olunacaq.
2012-ci il London Yay Olimpiya Oyunlarında avarçəkmə yarışları məhz bu idman qurğusunda baş tutub. Həmin vaxt təmsilçilərimizdən Aleksandr Aleksandrov finaladək irəliləməyi bacarıb. Aleksandrov yenidən "Eton Dorney"də qüvvəsini sınayacaq. O, həm 1 nəfərlik (M1X), həm də Boris Yotovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq.
Elə Yotov da 1 nəfərlik qayıqla yürüşdə qüvvəsini sınayacaq.
1 nəfərlik yüngül çəkili qayıqda Fərid Saadov yer alacaq.
2 nəfərlik qoşa avarlı qayıqla həm də İvan Antov - Aleksandr Kornilov dueti çıxış edəcək.
2 nəfərlik sükansız qayıqla yürüşlərdə isə Luka Dordeviç - İqor Luçiç dueti mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kubokunun II mərhələsi 3 gün davam edəcək.