Azərbaycan idmançılarının AÇ-dəki uğurlu çıxışı davam edir
28 iyun 2013 15:18
Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı başlayıb. Azerisport.az xəbər verir ki, 1000 metr məsafəyə yeniyetmə kanoeçilərin bir nəfərlik qayıqla yürüşündə Azərbaycan təmsilçisi Aleksey Kupin finala yüksəlib. Nəticədə o, birbaşa əsas finalda iştirak hüququna yiyələnib.
Seçmə yürüşdə finişə 4 dəqiqə 3,886 saniyəyə çatan 18 yaşlı idmançımız birinci yeri tutub. Həlledici yürüş iyunun 29-da Bakı vaxtı ilə saat 12:13-də olacaq.
Daha üç təmsilçimiz 1000 metr məsafəyə bir nəfərlik qayıqla seçmə yürüşdə ilk yeddiyə düşərək, yarımfinala vəsiqə qazanıblar. 23 yaşadək kayakçıların mübarizəsində Məhəmmədtahir Hüseyniafşar finişə 3 dəqiqə 46,568 saniyəyə beşinci çatıb. Bu yaş qrupundakı kanoeçimiz Taras Matviyçuk eyni məsafəni 4 dəqiqə 13,920 saniyəyə altıncı yerdə başa vurub.
Yeniyetmələrin mübarizəsində kayakçımız Amil Hüseynli 3 dəqiqə 56,293 saniyə nəticə ilə yeddinci olub.
Məhəmmədtahir Hüseyniafşar - Mirnazim Cavadov – Tamerlan Mustafayev - Aleksandr Piçugin kvarteti isə dörd nəfərlik kayak qayığı ilə yürüşdə finişə 3 dəqiqə 17,608 saniyəyə 9-cu yerdə çataraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, kayak və kanoeçilərimiz Avropa çempionatında 500 və 200 metr məsafələrə yürüşlərdə də iştirak edəcəklər.