Azərbaycan Barselonadakı dünya çempionatında dörd idmançı ilə təmsil olunacaq
26 iyul 2013 18:45

Azərbaycan üzgüçüləri iyulun 28-də Barselonada keçiriləcək su idmanı növləri üzrə dünya çempionatında medallar uğrunda mübarizəyə qoşulacaqlar. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdmanı Növləri Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.
Onun sözlərinə görə, ümumilikdə yarışlarda Azərbaycanı 4 idmançı təmsil edəcək. Bundan başqa, idmançılarımız suya tullanma üzrə yarışlarda da mübarizə aparacaqlar.
Baş katib bildirib ki, çempionat ərəfəsində FINA-nın (Beynəlxalq Üzgüçülük Federasiyası) iclası keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Federasiya təmsilçilərinin daxil olduğu nümayəndə heyəti iclasda iştirak edib. İclas zamanı Xulio Maqlione yenidən FINA-nın prezidenti seçilib. (Trend)