Dünya çempionatına gedəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşdi
19 avqust 2013 17:25
Avqustun 28-də Almaniyanın Duysburq şəhərində start götürəcək kayak və kanoe üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, beş gün davam edəcək yarışda ölkəmizi 1 kayakçı və 6 kanoeçi təmsil edəcək.
Yeganə kayakçımız Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr məsafələrə yürüşlərə qatılacaq. Cavadov 27 – 30 iyunda Polşanın Poznan şəhərində keçirilmiş Avropa çempionatında 23 yaşadək kayakçıların mübarizəsində 500 metr məsafəyə yürüşdə finaladək irəliləməyi bacarıb. İndi 21 yaşlı kayakçımız böyüklərin mübarizəsində iddiasını ortaya qoymaz əzmindədir.
Kanoeçilərimizə gəldikdə, 3 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko yenə 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüş edəcək. 30 yaşlı idmançımız 14 – 16 iyunda Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. Qarşıdakı dünya çempionatında isə Demyanenko yenidən mükafatçılar sırasına düşməyi hədəfləyib.
1 nəfərlik qayıqla (C-1) 500 metr məsafəyə yürüşdə Anatoli Melnik, 1000 metr və 5000 metr məsafələrə yürüşlərdə isə Mikola Matviyçuk mübarizə aparacaq.
2 nəfərlik qayıqla (C-2) 200 metr və 500 metr məsafəyə yürüşlərə 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya oyunlarının finalçısı Sergey Bezuqlıy builki yeniyetmələr arasında Avropa çempionatının ikiqat bürünc mükafatçısı Aleksey Kupinlə birgə qatılacaq. 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşlərdə isə Aleksey Kupin Taras Matviyçukla birgə qüvvəsini sınayacaq.
Nəhayət, 4 x 200 metr məsafəyə estafet yürüşündə Aleksey Kupin – Anatoli Melnik – Mikola Matviyçuk – Taras Matviyçuk kvarteti çıxış edəcək.
Azərbaycan milli komandası dünya çempionatına Belarusun Brest vilayətindəki Avarçəkmə üzrə Olimpiya Ehtiyatları Mərkəzində hazırlaşıb. Baş məşqçi Aleksandr Kolıbelnikov və yığmamızın üzvləri təlim-məşq toplantısının yekunlarını yüksək qiymətləndirib.
Qeyd edək ki, sonuncu dəfə dünya çempionatı 2011-ci ildə Macarıstanın Seqed şəhərində keçirilib. Həmin yarışda Azərbaycan millisi 1 qızıl, 3 gümüş medala sahib olub.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti