Azərbaycan təmsilçisinin DÇ-nin yarımfinalındakı rəqibləri müəyyənləşdi
29 avqust 2013 22:03
Cənubi Koreyanın Çunqju şəhərindəki dünya çempionatının yarımfinal mərhələsində Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrovun rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, 1 nəfərlik qayıqla (M1x) 2000 metr məsafəyə yürüşə təmsilçimizdən əlavə, Roman Röösli (İsveçrə), Andrey Sinek (Çexiya), Alan Kempbell (Böyük Britaniya), Mindauqas Qrişkonis (Litva) və Dani Fridman (İsrail) qatılacaq.
Rəqiblərdən ən titullusu Sinekdir. O, dünya və 3 qat Avropa çempionu, eləcə də son 2 olimpiadanın gümüş mükafatçısıdır. Kempbell 2012-ci il London Yay Olimpiya Oyunlarında, eləcə də son 2 dünya çempionatında bürünc medal qazanıb. Qrişkonis 3 qat Avropa çempionu sayılır. Röösli bu il 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatında 4 nəfərlik qayıq ekipajının tərkibində qızıl medal qazanıb. Fridman isə hələlik heç bir yarışda fərqlənməyib.
Digər yarımfinal yürüşündə Artyom Kosov (Rusiya), Savarn Sinq (Hindistan), Anxel Furnier Rodriges (Kuba), Marsel Hakker (Almaniya), Roel Braas (Hollandiya) və Georgi Bojilov (Bolqarıstan) çıxış edəcək. Hər iki yürüşdə ilk “3-lüy”ə düşməyi bacaranlar əsas finala yüksələcəklər.
Qeyd edək ki, yarımfinal yürüşü avqustun 30-da, həlledici yürüş isə sentyabrın 1-də olacaq.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti