AMAF daha bir olimpiya növünü inkişaf etdirməyə başladı
14 mart 2014 16:00

Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) kanoe-slalom növünün də inkişafı istiqamətində əməli fəaliyyətə başlayıb. Azerisport.az xəbər verir ki, bu məqsədlə tanınmış sloveniyalı slalomçu Yure Meqliçin ölkəmizi təmsil etməsinə dair razılıq əldə edilib.
Meqliç məşqçi Fedya Maruşiçin rəhbərliyi altında çalışır. Azərbaycanda kanoe-slalom növü üzrə yarış və məşq şəraiti olmadığından, 30 yaşlı idmançı qarşıdakı yarışlara xaricdə hazırlaşacaq.
Meqliç 18 avqust 1984-cü ildə anadan olub. O, Sloveniya yığmasının tərkibində Avropa çempionatlarında komanda kayak üzrə 3 dəfə (2006, 2007, 2011) qızıl, 1 dəfə (2010) bürünc, fərdi kayak üzrə 1 dəfə (2010) gümüş medala sahib olub. Təcrübəli idmançı 2010-cu il dünya çempionatında isə fərdi kayak üzrə bürünc medal qazanıb.
Qeyd edək ki, kanoe-slalom da olimpiya növü sayılır. Hazırda Yay Olimpiya Oyunlarında kişilər və qadınlar fərdi kayak (K-1), eləcə də fərdi kanoe (C-1) növlərində mübarizə aparırlar. Kanoe-slalomçunun gəlişinədək ölkəmizdə akademik avarçəkmə, kayak və kanoe növləri inkişaf etdirilirdi.
(Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti)